Cənubi Koreyanın müdafiə nazirinin istefası QƏBUL EDİLDİ
Cənubi Koreya Prezidenti Yoon Suk Yeol ona hərbi vəziyyət elan etməyi təklif edən müdafiə naziri Kim Yonq Hyunun istefasını qəbul edib.
Sfera.az bildirir ki, bu barədə “Yonhap” agentliyi məlumat yayıb.
Prezident Yoon Suk Yeolun elan etdiyi hərbi vəziyyət əvvəlcə parlamentin səsverməsi, daha sonra isə Nazirlər Şurasının təsdiqi ilə bir neçə saat ərzində ləğv edilib.
Müdafiə naziri Kim isə hərbi vəziyyət elan edərək narahatlıq və xaosa səbəb olduğu üçün vətəndaşlardan üzr istəyib. O, bütün məsuliyyəti öz üzərinə götürdüyünü qeyd edərək, istefa vermək niyyətini Yoona çatdırıb.
Digər tərəfdən, müdafiə naziri Kim istefasını elan etməzdən bir qədər əvvəl müxalifət partiyaları parlamentə hərbi vəziyyətin elan edilməsinin qanunsuz olduğunu əsas gətirərək prezidentin impiçment prosesini başladan vəsatət təqdim ediblər.
Yoon Suk Yeol öz növbəsində Kim Yonq Hyunun yerinə ölkənin Səudiyyə Ərəbistandakı səfiri Çoi Byunq Hukun namizədliyini irəli sürüb. İstefada olan general Çoi 2019-2020-ci illərdə Cənubi Koreya-ABŞ Birləşmiş Qüvvələrinin komandanı vəzifəsində çalışıb.
Xatırladaq ki, Yoon Suk Yeol dekabrın 3-də müxalifətin “dövlət əleyhinə fəaliyyətə qarışdığını” əsas gətirərək hərbi vəziyyət elan edib. Ardınca parlamentin fövqəladə iclasında hərbi vəziyyət qərarının ləğvi təklifi 190 deputatın səsi ilə qəbul edilib. Bundan sonra geri addım atan Yeol nazirlər şurasını toplayıb və hərbi vəziyyətə son qoyduğunu açıqlayıb.
Günay