"Texnikabank"ın əmanətçilərinə kompensasiyaların ödəniləcəyi tarix açıqlandı
"Texnikabank"ın əmanətçilərinə fevralın 11-dən başlayaraq kompensasiyalar ödəniləcək.
Əmanətlərin Sığortalanması Fondu Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən təqdim
olunmuş 04 fevral 2016-cı il tarixli 16-00036-2016 nömrəli məktuba istinad edərək bildirir ki,
"Texnikabank" ASC-nin əməliyyatlarına moratorium tətbiq edilib.
Sfera.az Trend-ə istinadən bildirir ki, bununla da "Əmanətlərin sığortalanması haqqında" Azərbaycan
Respublikasının Qanununun 2.1.9-cu maddəsinə müvafiq 04 fevral 2016-cı il tarixi "Texnikabank"
ASC-də sığorta hadisəsinin baş verdiyi gün hesab olunur.
"Əmanətlərin sığortalanması haqqında" Azərbaycan Respublikası Qanununun 28.1-ci maddəsinə uyğun
olaraq, sığorta hadisəsi baş verdiyi gündən 7 təqvim günü ərzində "Texnikabank" ASC-nin qorunan
əmanətçilərinə kompensasiyaları ödəmək üçün seçilmiş Agent banklar və kompensasiyaların ödəniş
tarixi və yeri haqqında əlavə məlumat veriləcək.