Gürcüstanda polis etirazçı kütləni dağıtdı, bundan sonra nələr olacaq? - ŞƏRH

Gürcüstanda polis etirazçı kütləni dağıtdı, bundan sonra nələr olacaq? - ŞƏRH

Tiflisdə gərginlik artır. Ötən gün şəhərin Rustaveli prospektində, Gürcüstan parlamentinin binası yaxınlığında etiraz aksiyasına minlərlə şəxs qatılıb. Mitinq iştirakçıları “Gürcü Arzusu”nun bugünkü – Avropa Birliyinə üzvlük danışıqlarını 2028-ci ilə qədər dayandırmaq qərarına etiraz edib və hökumətin nəhayət, ölkənin Avropa kursundan əl çəkdiyini bildiriblər. Onların fikrincə, Gürcüstanı Avropanı seçmək xilas edəcək.

 

Bununla bağlı Sfera.az-a açıqlama verən siyasi şərhçi Şahin Cəfərli xatırladıb ki, Gürcüstan Xarici İşlər Nazirliyinin və ölkənin müxtəlif dövlətlərdəki səfirliklərinin 78 əməkdaşı da birgə bəyanat imzalayıb:

 

“Diplomatlar hökumətin avrointeqrasiyanı dayandırmaq qərarının Konstitusiyaya və milli maraqlara zidd olduğunu bildiriblər. Mitinqdə diqqətimi çəkən əsas məqam isə həm seçki kampaniyası dövründə, həm də seçkidən sonra müxalifətin fərsizliyidir. Əllərində geniş imkanlar, sıralarında dollar milyonçuları olmasına rəğmən, müxalifət sanki iflic olub. Çox ciddi lider problemi var. Görünür, həm də bu səbəbdən prezident Zurabişvili özü meydana çıxdı”.

 

Ş.Cəfərli bildirdi ki, polis kütləni dağıtsa da, önəmli olan ondan sonrakı prosesdir:

 

“Hökumətin zorakılığı etiraz aksiyalarına emosional ruh qata bilər. Bu, indiyədək çatışmayan vacib detal idi. Təbii ki, nəticəyə nail olmaq üçün müxalifət iflic vəziyyətindən çıxmalı, Avropa Birliyi də ortaya birmənalı mövqe qoymalıdır. Gürcüstanın Qərbdən qopmaq lüksü yoxdur, bunun üçün yetərli resurslara sahib deyil”.

 

Qeyd edək ki, dünən Gürcüstanın Baş naziri İrakli Kobaxidze ölkəsinin AB-yə üzvlük danışıqlarını 2028-ci ilə qədər dayandırdığını və Avropanın qrantlarından imtina etdiyini açıqlayıb. Bu xəbərin ardınca Zurabişvili AB-nin Gürcüstandakı diplomatik nümayəndəlikləri ilə təcili görüş keçirib. Müxalifət isə "Gürcü Arzusu"nun baş ofisinin və parlament binasının önündə aksiyaya başlayıb.

 

Günay


OXŞAR XƏBƏRLƏR