Azərbaycana ən çox bu ölkələrdən məhsul idxal edilir
2024-cü ilin yanvar-sentyabr aylarında Azərbaycanın hüquqi və fiziki şəxsləri dünyanın 171 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib, 118 ölkəyə məhsul ixrac olunub, 161 ölkədən idxal olunub.
Sfera.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2024-cü ilin yanvar-sentyabr aylarında ölkənin xarici ticarət dövriyyəsi 34173,9 milyon ABŞ dolları təşkil edib.
Ticarət dövriyyəsinin 19530,7 milyon dollarını və ya 57,2 faizini ölkədən ixrac olunmuş məhsulların, 14643,2 milyon dollarını (42,8 faizini) isə idxal məhsullarının dəyəri təşkil edib, nəticədə 4887,5 milyon dollar məbləğində müsbət saldo yaranıb. 2023-cü ilin yanvar-sentyabr ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 1,5 faiz, real ifadədə 4,9 faiz, o cümlədən idxal 1,2 faiz, ixrac isə 7,1 faiz azalıb. 2024-cü ilin yanvar-sentyabr aylarında qeyri neft-qaz məhsullarının ixracı əvvəlki ilin eyni dövrü ilə müqayisədə faktiki qiymətlərlə 1,3 faiz artıb, real ifadədə isə 10,3 faiz azalaraq 2465,1 milyon dollar təşkil edib.
Ölkənin xarici ticarət dövriyyəsinin 21,7 faizi İtaliya, 13,4 faizi Türkiyə, 10,1 faizi Rusiya, 7,7 faizi Çin, 4,3 faizi İsrail, 3,2 faizi Almaniya, 2,8 faizi ABŞ, 2,6 faizi Avstraliya, 2,5 faizi Hindistan, 2,4 faizi Çexiya, 1,8 faizi Xorvatiya, hər biri 1,7 faiz olmaqla Birləşmiş Krallıq və Gürcüstan, 1,4 faizi Yunanıstan, hər biri 1,3 faiz olmaqla İran, Bolqarıstan və Portuqaliya, 1,1 faizi Rumıniya, hər biri 1,0 faiz olmaqla Ukrayna, Belarus və İsveçrə, hər biri 0,9 faiz olmaqla Türkmənistan, Koreya və Yaponiya, 12,0 faizi isə digər ölkələr ilə aparılmış ticarət əməliyyatlarının payına düşüb.
İxracın 35,8 faizini İtaliyaya, 14,7 faizini Türkiyəyə, 7,4 faizini İsrailə, 4,3 faizini Rusiyaya, 4,0 faizini Çexiyaya, 3,5 faizini Hindistana, 3,2 faizini Xorvatiyaya, 2,5 faizini Almaniyaya, 2,4 faizini Gürcüstana, hər biri 2,2 faiz olmaqla Portuqaliya, Bolqarıstan və Yunanıstana, 2,0 faizini Birləşmiş Krallığa, 1,6 faizini Rumıniyaya, hər biri 1,2 faiz olmaqla Tunis və Tailanda, hər biri 0,8 faiz olmaqla Serbiya və İndoneziyaya, hər biri 0,7 faiz olmaqla Niderland və Ukraynaya, 6,6 faizini isə digər ölkələrə göndərilmiş məhsulların dəyəri təşkil edib.
Qeyri neft-qaz məhsulları üzrə ixracın dəyərində Rusiyaya (34,2 faiz), Türkiyəyə (17,7 faiz), Gürcüstana (7,9 faiz), İsveçrəyə (4,9 faiz), ABŞ-a (4,6 faiz), Qazaxıstana (3,6 faiz), Ukraynaya (3,3 faiz), Omana (2,7 faiz), Türkmənistana (2,6 faiz), Birləşmiş Ərəb Əmirliklərinə (1,7 faiz), Almaniyaya (1,5 faiz), Belarusa (1,4 faiz), Niderlanda (1,4 faiz), Özbəkistana (1,1 faiz), İtaliyaya (1,0 faiz), Qırğızıstana (1,0 faiz) göndərilmiş malların payı üstünlük təşkil edib.
Ölkəyə idxal olunmuş məhsulların ümumi dəyərinin hər biri 18,0 faiz olmaqla Çin və Rusiya, 11,6 faizi Türkiyə, 6,2 faizi Avstraliya, 5,9 faizi ABŞ, 4,1 faizi Almaniya, 3,1 faizi İran, 2,6 faizi İtaliya, hər biri 2,1 faiz olmaqla Belarus və Koreya, 2,0 faizi Yaponiya, 1,7 faizi Türkmənistan, hər biri 1,4 faiz olmaqla İsveçrə və Ukrayna, 1,3 faizi Birləşmiş Krallıq, hər biri 1,2 faiz olmaqla Fransa və Hindistan, hər biri 1,1 faiz olmaqla Kanada və Braziliya, 1,0 faizi Özbəkistan, 0,8 faizi İspaniya, 12,1 faizi isə digər ölkələr ilə aparılmış idxal əməliyyatlarının payına düşüb.
2024-cü ilin yanvar-sentyabr aylarında əvvəlki ilin eyni dövrü ilə müqayisədə mühüm məhsul növlərindən təzə meyvə ixracı 0,4 faiz, təzə tərəvəz – 1,8 faiz, şəkər – 84,1 faiz, tütün – 3,7 dəfə, bitki yağları – 70,8 faiz, meyvə və tərəvəz konservləri – 13,6 faiz, marqarin, qida üçün yararlı digər qarışıqlar – 95,9 faiz, çay – 7,0 faiz, pambıq lifi – 2,1 dəfə, mineral gübrələr – 2,1 dəfə, pambıq ipliyi – 4,5 faiz, bentonit gili – 24,9 faiz artmış, kartof ixracı isə 32,0 faiz, meyvə və tərəvəz şirələri – 5,5 faiz, təbii üzüm şərabları və üzüm suslosu – 39,2 faiz, polipropilen – 23,9 faiz, polietilen – 18,3 faiz, elektrik enerjisi – 56,4 faiz, emal olunmamış alüminium – 18,7 faiz, sement klinkerləri – 0,9 faiz, qara metallardan çubuqlar – 10,9 faiz, qara metallardan borular – 15,5 faiz azalıb.
2023-cü ilin yanvar-sentyabr ayları ilə müqayisədə 2024-cü ilin yanvar-sentyabr aylarında xam şəkər idxalı 3,9 faiz, bitki yağları – 30,6 faiz, təzə meyvə – 29,5 faiz, kərə yağı, digər süd yağları və pastaları – 84,3 faiz, unlu qənnadı məmulatları – 13,1 faiz, şokolad və şokolad məhsulları – 13,6 faiz, çay – 14,4 faiz, quş əti və onun əlavə məhsulları – 37,4 faiz, mal əti – 62,0 faiz, təzə tərəvəz – 63,6 faiz, hesablama maşınları, blok və qurğuları – 21,1 faiz, yük avtomobilləri – 23,3 faiz, mebellər – 46,5 faiz, sintetik yuyucu vasitələr – 7,7 faiz, məişət kondisionerləri – 44,8 faiz, qara metallardan çubuqlar – 54,3 faiz, mineral gübrələr – 26,9 faiz, paltaryuyan maşınlar – 5,9 faiz, avtobuslar – 2,4 dəfə, polipropilen – 22,1 faiz, sement – 8,6 faiz artmış, buğda idxalı isə 4,2 faiz, kartof – 15,4 faiz, siqaretlər – 73,9 faiz, minik avtomobilləri – 11,8 faiz, dərman vasitələri – 27,2 faiz, polad prokatı – 11,7 faiz, qara metallardan borular – 7,6 faiz, rezin şinlər – 8,1 faiz, polietilen – 9,5 faiz, qara metallardan künclüklər – 1,1 faiz, məişət soyuducuları – 12,1 faiz azalıb.