Banklar müştərinin ilk vaxtlardakı ödənişlərini niyə ancaq faizlərə çıxır?

Banklar müştərinin ilk vaxtlardakı ödənişlərini niyə ancaq faizlərə çıxır?

Azərbaycanda istehlak kreditlərinin həcmi sürətlə artır.

 

Bununla bağlı Sfera.az-a açıqlama verən iqtisadçı deputat Vüqar Bayramov deyib ki, hazırda istehlak kredit portfeli 7 milyard manatdan çoxdur və 3 milyon vətəndaşımız bu kreditlər üzrə borclanıb.  

 

Onun sözlərinə görə, rəqəmlər göstərir ki, istehlak kreditlərində ilk aylar üzrə ödənişlərdə aylıq ödənişin 40 faizə yaxınını faiz ödənişləri təşkil edir:

 

“Məsələn, əgər vətəndaşın ilk dövrlər üzrə aylıq ödənişi 300 manatdırsa, onun təxminən 120 manatı məhz faiz ödənişidir. Yəni kommersiya bankları kredit üzrə hesabladıqları faizləri müqavilə imzalanandan qısa müddət sonra müştəridən almağa çalışırlar.  Eyni zamanda, müştərinin hətta yubanması yoxdursa və müəyyən müddətdən sonra birdəfəlik ödəniş ilə kreditini bağlamaq istəyirsə, bəlli olur ki, əvvəlki ödənişlərinin xeyli hissəsi faizlərə silinib. Əsas məbləğdə isə ciddi dəyişiklik baş verməyib. Müəyyən müddətdən sonra vətəndaş krediti ödəyə bilmirsə və ya kreditini tam bağlamaq istəyirsə, o zaman aydınlaşır ki, həmin zamanadək ödədiyi vəsaitin 40 faizə qədəri faizlərə çıxılıb”.

 

V.Bayramov qeyd etdi ki, faiz ödənişlərinin əhəmiyyətli hissəsini ön aylara daxil etməklə banklar bir tərəfdən risklərini sığortalamağa, digər tərəfdən isə gəlirliyini təmin etməyə çalışırlar:

 

“Bu isə müştəri üçün xüsusi faiz öhdəlikləri yaradır. Eyni zamanda bu, əsas məbləğ və faizlər üzrə ödənişlərin aylar üzrə proporsional və bəzən də ədalətli bölgüsünə imkan yaratmır. Bu baxımdan, banklar üçün əsas məbləğ və faizlər üzrə ödəniş qrafiki ilə bağlı ədalətli və proporsional bölgünün tövsiyəsi məqsədəuyğun olardı”.

 

Günay 


OXŞAR XƏBƏRLƏR