Neft Fondu dollar satışını 4,2 dəfə AZALTDI - SƏBƏB
Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) 2024-cü ilin oktyabr ayı ərzində 174,4 milyon ABŞ dolları məbləğində vəsait satıb.
Sfera.az xəbər verir ki, bu məbləğ əvvəlki aylardakı satış məbləği ilə müqayisədə xeyli azdır. Sentyabrda ARDNF 732,3 milyon dollar həcmində valyuta satmışdı.
Müqayisədən görünür ki, fondun ötən aydakı satışlarında 4,2 dəfə azalma var. ARDNF-nin valyuta satışını azaltmasına səbəb əvvəlki aylarda daha çox valyuta satmasıdır.
Fondun büdcəsinə əsasən, bir ildə dövlət büdcəsinə transfert ediləcək maksimum məbləğ 7,518 milyard dollar olmalıdır. 2024-cü ilin yanvar-sentyabr ayları ərzində ARDNF artıq 6,08 milyard dollar transfert edib.
Əgər valyuta satışı əvvəlki aylarda olduğu kimi hər ay 600-800 milyon dollar həcmində qalsaydı, o zaman ilin sonuna kimi fond 8 milyard dollardan çox valyuta satmalıydı ki, bu da fondun büdcəsində nəzərdə tutulandan çoxdur.
Yaranmış vəziyyətlə əlaqədar olaraq xarici valyutaya olan tələbi ödəmək üçün dövriyyəyə Azərbaycan Mərkəzi Bankı daxil olub. Mərkəzi Bank oktyabrda daxili bazarda 424 milyon dollar həcmində valyuta satışı həyata keçirib. Buna görə də ARDNF-in daha çox vəsait satmasına ehtiyac qalmayıb. Oktyabrdakı nəticə də nəzərə alınmaqla ARDNF-in 2024-cü ildəki satdığı valyutanın həcmi 6,255 milyard dollar təşkil edib.
Vasif
Sfera.az