"Putinlə Zelenski bu məsələdə eyni fikirdədir..." - Rusiya Şimali Koreyanı müharibəyə niyə cəlb edir?

Xəbər verdiyimiz kimi, NATO və Pentaqon Şimali Koreya əsgərlərinin Ukrayna xəttinə yerləşdirildiyini təsdiqləyib. Pentaqon Şimali Koreyanın Ukrayna müharibəsində təlim keçmək və döyüşmək üçün yaxın bir neçə həftə ərzində Rusiyaya təxminən 10 000 hərbçi göndərdiyini açıqlayıb.
Bununla bağlı Sfera.az-a açıqlama verən politoloq Elxan Şahinoğlu deyib ki, Putin Qərbin ləngliyindən maksimum yararlanmağa çalışır:
“Bəziləri düşünə bilər ki, Putinin Şimali Koreya hərbi qüvvələrini Ukrayna müharibəsinə cəlb etməsi yalnız Rusiyanın hərbi potensialının zəifləməsi ilə bağlıdır. Yəni Rusiya ordusu Ukraynanın şərqində işğal zonasını genişləndirərkən Putinin Kursk vilayətini azad etmək üçün əlavə hərbi qüvvəyə ehtiyacı olub və Kreml sahibi bu məqsədlə Şimali Koreyaya müraciət edib. Bunda həqiqət payı var, hətta Rusiya bunun əvəzinə, Şimali Koreyaya ərzaq yardımı sözünü verib. Lakin düşünürəm ki, Kremlin Şimali Koreyanı müharibəyə birbaşa cəlb etməsinin başqa məqsədi də var. Putin bununla ABŞ və Avropa İttifaqının müttəfiqi Ukraynanı qoruya bilmədiyini göstərib. Putin sanki demək istəyib ki, Rusiya uğrunda döyüşmək istəyən dövlət olduğu halda, NATO ölkələri Ukraynanı yalnız sözdə dəstəkləyirlər”.
Politoloq qeyd etdi ki, Zelenski də təxminən eyni fikirdədir:
“Ukraynanın ərazi bütövlüyünün təmin edilib-edilməməsi isə ABŞ-də prezident seçkisinin nəticəsindən asılı vəziyyətə salınıb. Rəsmi Kiyevin yalnız öz resursları hesabına torpaqlarını geri qaytara biləcəyi sual altındadır. Ukrayna ordusu indi Rusiya ilə yanaşı, liderlərinə fanatik formada bağlı olan Şimali Koreya ordusu ilə də savaşmaq məcburiyyətindədir”.
Günay Rəsulqızı