Azərbaycanda ən çox bu ölkənin vətəndaşlarının mənzili var - RƏSMİ

Azərbaycanda ən çox bu ölkənin vətəndaşlarının mənzili var - RƏSMİ

2024-cü ildə Azərbaycana gələn turistlər daha çox özünə və ya ailə üzvlərinə məxsus mənzillərdə gecələyiblər.

 

Sfera.az rəsmi dövlət statistikasına istinadən xəbər verir ki, 2024-cü ilin yanvar-sentyabr ayları ərzində Azərbaycanda əcnəbi turistlər 6 milyon 437 min gün qalıblar.

 

Əcnəbilər 2 milyon 370 min dəfə özünə və ya ailə üzvlərinə məxsus mənzillərdə gecələyiblər. Gecələmə yerlərinə görə sonrakı yerlərdə mehmanxanalar (2,02 milyon dəfə), qohumların və ya dostların evi (1,456 milyon dəfə) və kirayə götürülmüş evlər (592 min dəfə) dayanır.

 

Əvvəlki illərlə olan müqayisə göstərir ki, bu il özünə və ya ailə üzvlərinə məxsus mənzillərdə gecələmə sayında xeyli artım var. Bu göstərici 2023-cü ilin eyni dövründə 709 min, 2022-ci ildə 808 min idi.

 

Göstəricilərdəki dəyişikliklərdən belə aydın olur ki, Azərbaycanda mənzil sahibi olan əcnəbilərin sayı artıb. Məhz bunun göstəricisidir ki, ölkəmizdə öz mənzillərində yaşayanların sayında ciddi artım müşahidə edilib.

 

Azərbaycanda öz mənzilində gecələyən əcnəbilərin təxminən 40 faizi Rusiya vətəndaşlarıdır. Rusiyadan olan turistlər öz mənzillərində 918 min dəfə gecələyiblər.

 

Deməli, əcnəbilər arasında Azərbaycanda ən çox mənzili olanlar məhz Rusiya vətəndaşlarıdır. Öz mənzilində qalmış əcnəbilərin sıralamasında ikinci yerdə Türkiyə vətəndaşları dayanır. Onlar 9 ay ərzində 158 min dəfə öz mənzillərində gecələyiblər. Azərbaycanda mənzil sahibi olan digər əcnəbilər arasında Gürcüstan, Qazaxıstan, Ukrayna vətəndaşları da çoxluq təşkil edir.

 

Vasif


OXŞAR XƏBƏRLƏR