"Vətəndaş sosial şəbəkələrdə göz yaşı tökür, amma evini sığorta etdirmir" - Deputat

"Vətəndaş sosial şəbəkələrdə göz yaşı tökür, amma evini sığorta etdirmir" - Deputat

“Dünən yağan yağıntı da sübut etdi ki, Allah eləməsin, 4-5 saat, hələ günlər demirəm güclü leysan yağsa, bizi kürüyüb Xəzərə tökər”.

 

Sfera.az xəbər verir ki, bunu Milli Məclisin 29 oktyabr tarixli plenar iclasında deputat Razi Nurullayev deyib.

 

“Bakıya yağan yağışlar nəticəsində hər il yüzlərlə insan ziyan çəkir. Hər il də aidiyyəti dövlət qurumları bunu normadan artıq yağıntı ilə bağlayır. Normadan artıq yağıntı küçələrdə üç saat qalsın, lap 10 saat qalsın və sonra axıb getsin. Amma küçələr, evlər günlərlə su altında qalır, vətəndaşların ev əşyaları suda üzür. Deməli, bu tam olaraq normadan artıq yağan yağıntı ilə əlaqədar deyil. Bir reportaja baxdım, 4-5 gündür evlər suyun altında qalıb, heç onlarla maraqlanan da olmayıb. Yenə də sağ olsun dövlət nümayəndələri,  küçələrdə idilər və fəlakətin qarşısını almaq üçün çalışırdılar.

 

Hərçənd ki 2016-cı ildə yağış suları ilə mübarizə üçün dövlət səviyyəsində işçi qrup yaradılmışdı.  Həmin işçi qrup və ya onların varisi gördüyü işləri açıqlasa, biz də rahat olardıq. 2003-cü ildən bu günə qədər 3.5-4 milyard manata yaxın vəsait ayrılıb. O vəsaitlərin necə xərclənməsini araşdırmaq yaxşı olardı“, - millət vəkili bildirib.

 

R.Nurullayev qeyd edib ki, ölkədə zorla belə olsa, sığorta sistemi tətbiq olunmalıdır:

 

“İndi baxaq, bütün bu fəlakətlər bizə hansı vacib addımların atılmasını zəruri edir? Birinci növbədə sığorta sisteminin lazım gələrsə, lap sərt şəkildə tətbiq edilməsini. Vətəndaş evini, əşyasını itirir, sonra gözləyir ki, görək dövlət ona ev, mebel verəcəkmi, təmir edəcəkmi? Dünyanın heç bir yerində bunu hökumət etmir,  sığorta şirkətləri edir. Evi yanan, evi uçan, evi yağışlara qərq olan, bütün ev əşyalarını itirən vətəndaş sosial şəbəkələrdə göz yaşı tökür. Çünki çarəsizdir, amma heç kim gedib 50-100 manat verib evini sığorta etdirmək istəmir. Biz dövlətin üzərinə düşən yükü azaltmaq üçün və vətəndaş məmuniyyətini təmin etmək məqsədilə ölkəboyu sığorta sisteminin tətbiqinə nail olmalıyıq. Zorla, güclə olsa belə”. 

 

Firuzə Əliyeva


OXŞAR XƏBƏRLƏR