NATO və Pentaqon da TƏSDİQLƏDİ: "Şimali Koreya əsgərləri..."

NATO və Pentaqon Şimali Koreya əsgərlərinin Ukrayna xəttinə yerləşdirildiyini təsdiqləyib.
Sfera.az bildirir ki, Pentaqon Şimali Koreyanın Ukrayna müharibəsində təlim keçmək və döyüşmək üçün yaxın bir neçə həftə ərzində Rusiyaya təxminən 10 000 hərbçi göndərdiyini açıqlayıb. Qurum bu addımın üç illik müharibəni gücləndirəcəyini və bölgədəki vəziyyəti sarsıdacağını irəli sürüb. Pentaqonun sözçüsü Sabrina Sinq bildirib ki, Şimali Koreya əsgərlərindən bəziləri Ukraynaya yaxınlaşır və onların Kursk sərhəd bölgəsinə getdiyi güman edilir.
NATO-nun Baş katibi Mark Rutte də Şimali Koreya əsgərlərinin Kursk bölgəsində olması ilə bağlı Ukrayna kəşfiyyatının məlumatlarını təsdiqləyib. O, Brüsseldə jurnalistlərə açıqlamasında deyib ki, Şimali Koreya əsgərlərinin yerləşdirilməsi münaqişənin əhəmiyyətli dərəcədə və təhlükəli genişlənməsidir. ABŞ Prezidenti Co Bayden də sözügedən vəziyyəti "çox təhlükəli" kimi qiymətləndirib.
Qeyd olunub ki, ABŞ-nin müdafiə naziri Lloyd Ostin və Dövlət katibi Antoni Blinken bu həftənin sonunda Vaşinqtonda Cənubi Koreyalı həmkarları ilə görüşəcəklər. Görüşdə Şimali Koreyanın bu addımının müzakirə ediləcəyi gözlənilir.
Qərb rəsmilərinin fikrincə, Şimali Koreyanın son addımı həmçinin Hind-Sakit okean regionunda geosiyasi gərginliyi artıracaq. Cənubi Koreya prezidenti Yoon Suk-Yeol bu prosesin qlobal təhlükəsizliyə təhdid yaratdığına diqqət çəkib. "Rusiya ilə Şimali Koreya arasındakı bu qeyri-qanuni hərbi əməkdaşlıq beynəlxalq ictimaiyyət üçün əhəmiyyətli təhlükəsizlik təhdididir. Bizim üçün də ciddi risk yarada bilər”, - ölkə baççısı əlavə edib.
“The Associated Press” agentliyinin məlumatına görə, NATO müttəfiqlərinin Şimali Koreyanın müdaxiləsinə necə və nə vaxt cavab verəcəyi bəlli deyil. Amma Şimali Koreyanın bu addımına cavab olaraq, Ukraynanın Qərbdən tədarük edilən silahlardan istifadəsinə mane olan məhdudiyyətlərin aradan qaldırıla biləcəyi bildirilir. Mövzu ilə əlaqəli Rusiyanın xarici işlər naziri Sergey Lavrov Pxenyan və Moskvanın keçən iyun ayında birgə təhlükəsizlik sazişi imzaladığını deyib və koreyalı əsgərlərin yerləşdirilməsi məsələsini təsdiqləməkdən çəkinib. O xatırladıb ki, Kiyevə Qərb tərəfindən verilən uzaqmənzilli silahlardan istifadəyə kömək etmək üçün xarici qoşunlar da uzun müddətdir, Ukraynada yerləşdirilib.
Günay Rəsulqızı