Dövlət büdcəsində profisit ola bilər - Son 10 ildə ilk dəfə

Dövlət büdcəsində profisit ola bilər - Son 10 ildə ilk dəfə

On ildən sonra ilk dəfə olaraq Azərbaycanın dövlət büdcəsində profisitin (vəsait artıqlığı) yaranma ehtimalı var.

 

Sfera.az xatırladır ki, 2024-cü ilin yanvar-sentyabr ayları ərzində dövlət büdcəsində 2,5 milyard manat profisit qeydə alınıb.

 

Ötən ilin eyni dövründə dövlət büdcəsində 1,14 milyard manat kəsir, 2022-ci ilin eyni dövründə isə 1,93 milyard manat profisit olmuşdu. 2022-ci ilin 9 ayında profisit olsa da ilin sonunda 1,403 milyard manat kəsir yaranmışdı. Ehtimal olaraq bu ilin sonunda da büdcədə kəsirin yaranması mümkündür. Çünki dövlət büdcəsində ən böyük xərcləmələr dekabrda həyata keçirilir.

 

Adətən dekabrdakı xərclər illik xərclərin 25-30 faizini təşkil edir. Buna görə də hətta 11 ayda belə profisit olsa da ilin sonunda defisit qeydə alına bilər.

 

Amma bu il fərqli hal müşahidə edilir. Bu il dövlət büdcəsinin gəlirlər hissəsində daha çox artım var. 2022 və 2023-cü illərin ilk ayında 22-22,4 milyard manat gəlir olduğu halda, 2024-cü ilin doqquz ayında 27,7 milyard manatdan çox gəlir olub. Gəlirdə fərqin böyük olması xərclərdəki artımı tam ödəyib.

 

Əvvəlki iki ildə ilk 9 ayda xərclər 20,5-23,2 milyard manat olmuşdusa, bu ilin eyni dövründə 25,2 milyard manat pul xərclənib. Yəni xərclər xeyli artıb. Buna baxmayaraq, gəlirlər yüksək olduğundan xərcləri maliyyələşdirməkdə çətinlik olmayıb və büdcədə əlavə vəsait yığılıb.

 

Gəlirdəki artım sürəti qalarsa və xərclər kəskin şəkildə dəyişməsə, 2024-cü ilin büdcəsində profisit ola bilər. Əgər bu baş verərsə, son 10 ilin ilk profisiti olacaq.

 

Qeyd edək ki, Azərbaycanın dövlət büdcəsində 2014-cü ildən başlayaraq ancaq defisit qeydə alınır. Bu tilsimin 2024-də qırılma ehtimalı var.

 

Vasif

 

 


OXŞAR XƏBƏRLƏR