ABŞ “Google” şirkətini parçalamaq istəyir, hansı dəyişikliklər ola bilər? - ŞƏRH
“Google”un onlayn axtarış bazarında inhisarçılığının vurduğu zərəri azaltmaq üçün, şirkət bəzi əməliyyatlarını satmağa məcbur edilə bilər. ABŞ Ədliyyə Nazirliyi belə bir tövsiyə ilə çıxış etməyi nəzərdən keçirir. Yəni ABŞ hökuməti “Google”un dominant mövqeyini zəiflətmək üçün şirkətin parçalanması haqqında düşünür. “Google” isə bu təklifi “radikal” adlandıraraq, bunun müştəri təcrübəsini pisləşdirə biləcəyini və innovasiyalara mane ola biləcəyini iddia edir. Şirkət həmçinin bu cür tədbirlərin şəxsi məlumatların təhlükəsizliyini də riskə ata biləcəyini bildirir.
Sözügedən vəziyyət hansı dəyişikliklərə səbəb ola bilər?
Bununla bağlı Sfera.az-a açıqlama verən İKT üzrə ekspert Elvin Abbasov deyib ki, bu mübarizə bir neçə ay, hətta illərlə davam edə bilər. Onun sözlərinə görə, nəticədə “Google”un iş modelində böyük dəyişikliklər mümkündür:
“Bu prosesin nəticələri həm də digər texnologiya nəhənglərinə qarşı aparılan antitrust işlərə təsir göstərə bilər. ABŞ-nin Ədliyyə Nazirliyi çərşənbə axşamı məhkəmə ərizəsində bildirib ki, “Google”un əsas bizneslərini sökmək, axtarış biznesini “Android”, “Chrome” və “Google Play” "App Store"dan ayırmaq tövsiyə oluna bilər. Federal hakim “Amit Mehta”, “Google”un axtarış biznesinin antitrust qanunlarını pozduğunu müəyyən edib. İndi isə məhkəmə “Google”un hansı cəzalara məruz qalacağını müəyyən etməlidir. Bu cəzalar arasında “Google”un müstəsnalıq müqavilələrinə qadağa və elektron cihazlarda “seçim ekranı” tələb etmək kimi tədbirlər ola bilər”.
Ekspert qeyd etdi ki, ABŞ hökuməti “Google”un süni intellekt xüsusiyyətlərini qidalandırmaq üçün öz monopoliya gücündən istifadə etməsinin rəqabətə qarşı yeni bir mane olduğunu iddia edir:
“Bu, “Google”un dominantlığını daha da inkişaf etdirmək riski yaradır. Ümumiyyətlə, bu iş ABŞ hökumətinin texnologiya nəhənglərinə qarşı apardığı ən böyük antitrust işlərdən biridir və digər texnologiya şirkətlərinə də təsir göstərə bilər. “Google”, “Amazon”, “Apple”, “Meta” və digər şirkətlər də oxşar hüquqi mübarizələrlə üzləşirlər. Bu prosesin nəticələri, texnologiya sektorunda böyük dəyişikliklərə səbəb ola, istehlakçılar üçün yeni imkanlar və seçimlər yarada bilər”.
Günay