Arzu Rəhimov sürücüsünün dələduzluq əməllərindən xəbərsiz olub?
Səfərbərlik və Hərbi Xidmətə
Çağırış üzrə Dövlət Xidməti rəisinin sürücüsü vətəndaşların milyonlarla manat
pulunu necə mənimsəyib?
Sevindik Xəlilov: "Anar İsmayılov və Namiq Cəfərov Səfərbərlik Xidmətində 40-a
yaxın insana ziyan vurub, amma onların çoxuna təzyiq göstərilir ki, məsələni
unutsunlar”
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə bağlı mətbuatda
vaxtaşırı şikayət xarakterli məlumatlara rast gəlmək olar. Lakin təqaüddə olan
polkovnik-leytenant Sevindik Xəlilovun bu günlərdə LEGİON-a müraciəti diqqəti çəkdi.
S.Xəlilovun sözlərinə görə, o, 2012-ci ildə Səfərbərlik və Hərbi Xidmətə
Çağırış üzrə Dövlət Xidmətinin Gəncə şəhəri Nizami rayonu şöbəsinin rəisi vəzifəsindən
təqaüdə çıxıb.
"Həmin ərəfədə mənə Arzu Rəhimovun sürücüsü Namiq Cəfərov bildirdi ki, məni Binəqədi
rayonunda yeni vəzifəyə keçirə bilər. Bunun üçün mənim 200 min manat verməli
olacağımı dedi. Bir az keçəndən sonra bildirdi ki, sənə ancaq Qobustan şöbəsinin
rəisi əvəzi Anar İsmayılov kömək edə bilər, çünki Anarın atası Arzu Rəhimovla
dostdur. Məndən 180 min manat aldılar və sonra aldatdılar. Bu məsələnin yalan
olduğunu biləndə, onlardan pulumu tələb etdim, amma bir il ərzində məni get-gələ
salıb yenə aldatdılar. Sonda təngə gələrək, Arzu Rəhimova müraciət etdim. Bir
müddət sonra məni onun müavini Zaur Abdullayev çağıraraq qəbul etdi və dedi ki,
məndən alınan pullar geri qaytarılacaq”, - deyə S.Xəlilov bildirdi. S.Xəlilovun
sözlərinə görə, Namiq Cəfərov və Anar İsmayılov onun kimi 40-a yaxın insanı
aldadaraq pullarını alıb: "Zaur Abdullayev demişdi ki, iş daxili təhqiqatlar
şöbəsindədir. Sonra işi göndərdilər hərbi prokurorluğa, orda istintaq şöbəsinin
müdiri Oqtay Ağayev də mənə və digər zərərçəkmişlərə dedi ki, vəkil tutmayın,
sizin işiniz həllini tapacaq.
Sonra iş getdi Bakı Hərbi Məhkəməsinə, Anar İsmayılova 1 il, Namiq Cəfərova 6
ay iş verildi. Bizim pullarımızın qaytarılmasından isə söz getmədi. Bu müddətdə
mən Anar İsmayılovun vəkilindən 85 min manat hissə-hissə almışdım. Qətnamə
çıxandan sonra öyrəndik ki, biz məhkəmədə zərərçəkmiş kimi yox, şahid kimi göstərilmişik.
Bakı Apellyasiya Məhkəməsinə müraciət etdik, "Siz şahidsiniz” deyib işimizə baxmadılar.
Bu il iyulun 22-də Konstitusiya Məhkəməsi Bakı Apellyasiya Məhkəməsinin rədd
cavabını rədd edib, lakin Ali Məhkəmə bu işi icraata götürmür. Maraqlıdır ki,
kimlərsə sanki bu boyda dələduzluq işini ört-bastır etməyə çalışır. Namiq Cəfərov
və Anar İsmayılov isə telefon nömrələrini dəyişiblər və onları tapa bilmirəm.
Bir dəfə Namiq Cəfərovla görüşdüm, onda da dedi ki, get hara şikayət edirsən
et, pulun qayıtmayacaq”.
S.Xəlilovun sözlərinə görə, N.Cəfərov və A.İsmayılovun əməllərinin arxasında
xidmət rəisi Arzu Rəhimovun özü durur: "Necə olub ki, 40 nəfərə yaxın insanı
aldadıblar, bundan Arzu Rəhimovun xəbəri olmayıb? Birindən 150 min, birindən
120 min, məndən 180 min... Milyonlarla manat pul edir bu. Arzu Rəhimovun onları
himayə etdiyini və bu işi qəsdən belə dolaşığa saldığını düşünürəm. Digər
aldadılanların bir çoxu hazırda xidmətdə işləyir, onlara da rəhbərlikdən deyiblər
ki, "başınızı aşağı salın, ora-bura şikayət etməyin”.
Mən digər zərərçəkmişlərə problemi mətbuata çıxaracağımı deyəndə çəkindilər,
"bizə təzyiq edirlər, mətbuata çıxa bilmərik” deyib boyun qaçırdılar. Mən indi
nə itirəcəm? Təqaüddəyəm, pulumu geri almaq istəyirəm”. S.Xəlilovun vəkili
Vidadi Məmmədovun sözlərinə görə, zərərçəkmişlərin "şahid” kimi göstərilməsi
prosessual qanun pozuntusu olub: "İlk başdan hərbi prokurorluq məsələyə
obyektiv yanaşmayıb və zərərçəkmişləri şahid kimi göstərib. Bu qanun pozuntusu
məhkəmədə də davam edib. Necə ola bilər ki, müttəhim var, dələduzluq ittihamı
var, amma zərərçəkmişlər yoxdur”.
Biz Bakı şəhər Hərbi Prokurorluğuna zəng edərək, Oqtay Ağayevlə əlaqə yaratmağa
cəhd etdik, lakin bu, mümkün olmadı. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə
Dövlət Xidmətinin Daxili Təhqiqatlar Şöbəsinin müdiri Yunis Əsgərli bildirdi
ki, artıq bu məsələnin nə Arzu Rəhimovla, nə də xidmətlə əlaqəsi yoxdur. Həmçinin,
Y.Əsgərlidən öyrəndik ki, Namiq Cəfərovla Anar İsmayılovun işi daxili təhqiqatlar
şöbəsində araşdırılmadan birbaşa hərbi prokurorluğa göndərilib. "Namiq Cəfərovun
əməlləri barədə məlumat aldıqdan sonra, o işdən uzaqlaşdırıldı. İşi hərbi
prokurorluq araşdırıb və məhkəmə də qərar verib”, - deyə Y.Əsgərli bildirdi.
"Sevindik Xəlilov ondan başqa 40 nəfərin aldadıldığını deyir...Xidmət rəhbərliyi
nə tədbir görüb?”- deyə soruşduq. "Tədbir odur ki, iş istintaqa gedib, həbs
olunub, sonra da azad olunub. Necə buraxılıb, mənim xəbərim yoxdur.. Bizimlə nə
əlaqəsi ola bilər?”, - deyə Y.Əsgərli cavab verdi. Biz Səfərbərlik və Hərbi
Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinə də zəng
etdik.
Şöbə əməkdaşı, baş leytenant Tofiq Əzizov da Y.Əsgərlinin sözlərini təsdiqlədi.
"Bildiyimə görə, işi hərbi prokurorluq araşdırıb, məhkəmədə həmin şəxslər həbs
olunublar. Xidmətin mövqeyi bundan ibarətdir”, - deyə T.Əzizov bildirdi.
"Sevindik Xəlilovun sözlərinə görə, Xidmət rəhbərliyi hazırda xidmətdə işləyən
digər zərərçəkmişlərə təzyiq göstərir ki, şikayətlərinə davam etməsinlər, məsələni
unutsunlar...”, - deyə qeyd etdik.
"Bu, yalnış məlumatdır. Belə şey ola bilməz. Xidmət rəhbərliyi heç kimə öz
haqqını tələb etmək istiqamətində təzyiq göstərmir. Əgər dələduzluğa məruz
qalıblarsa, müvafiq instansiyalara şikayət etmək onların hüququdur”, - deyə
T.Əzizov cavab verdi. "Yəni, bu məsələnin hazırda xidmət rəhbərliyi ilə heç bir
əlaqəsi ola bilməz?” – deyə soruşduq. "Əlbəttə, ola bilməz. Xidmət rəhbərliyi
bu və digər hallarla bağlı gərəkli addımlar atır”, - deyə Səfərbərlik və Hərbi
Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin nümayəndəsi LEGİON-a bildirdi. Araşdırma
davam edir...