Şəhriyardan şahmatçı bacıları ilə bağlı paylaşım: "Mənə təsirsiz ötüşmədi" - FOTO

Azərbaycanın qrosmeysteri Şəhriyar Məmmədyarov bacıları ilə bağlı maraqlı paylaşım edib.
Sfera.az bildirir ki, o, Londonda keçirilən növbəti turnirin yekunlaşdığını və uğurlu yarışlardan biri olduğunu bildirib.
Şahmatçı qeyd edib ki, turnirdə ən maraqlı hadisələrdən biri Bakıda keçirilən Rapid və Blitz üzrə qadınlar arasında Azərbaycan çempionatı idi:
“Həyəcanverici məqam isə bacılarımın uğurları oldu. Rapid üzrə Zeynəb Məmmədyarova, Blitz üzrə isə Türkan Məmmədyarova çempion oldu. Zeynəbin uğuru xüsusilə təsiredicidir. Sumqayıt Olimpiya İdman Kompleksinin direktoru, Azərbaycan Şahmat Federasiyasının sosial layihələr üzrə rəhbəri və Məmmədyarovlar şahmat məktəbinin direktoru kimi, bu qədər məsuliyyətli işlərinin arasında Azərbaycan çempionu olmaq, sonra yenidən işinin başına qayıtmaq – bu, sözsüz ki, heyranedicidir. Türkan isə uzun müddət şahmatdan uzaq olsa da, yenidən qayıdıb çempion olmaq gücünü göstərdi. Onların bu nailiyyətləri mənə təsirsiz ötüşmədi”.
Ş.Məmmədyarov xatırladıb ki, saysız-hesabsız medal kolleksiyalarına daha 3 medal əlavə olunub:
“Biz illərdir, Azərbaycan üçün fədakarlıq etmişik və dövlətimiz də bizim üçün eyni qaydada fədakarlıq edib. Heç bir xarici qüvvə, heç bir təklif bizi bu ölkədən apara bilmədi və apara bilməzdi də... Vətənimizə olan sevgimiz hər zaman daha güclü qaldı. Zeynəb və Türkan, sizinlə qürur duyuram!”.
Günay