ABŞ-nin İsrailə hərbi dəstəyi İranla müharibəyə səbəb ola bilərmi? - AÇIQLAMA

ABŞ-nin İsrailə özünün ən qabaqcıl raketdən müdafiə sistemlərindən birini və 100-ə yaxın əsgərini göndərməsi dünya mediasında gündəm olub. Bəzi ekspertlər bunu ABŞ və İran arasında başlanacaq müharibə kimi dəyərləndirir.
Maraqlıdır, ABŞ-dəki seçkilər öncəsi Yaxın Şərqdə vəziyyət gərginləşə bilərmi?
Bununla bağlı Sfera.az-a açıqlama verən politoloq Məhəmməd Əsədullazadə deyib ki, ABŞ-nin İsrailə yeni raket sistemləri verməsi, hərbçilər göndərməsi İranın İsrailə qarşı mümkün hücumlarının qarşısının alınmasına hesablanıb:
“Çünki İsrailin “Hizbullah”a qarşı əməliyyatları genişlənir. Növbəti mərhələdə Yəməndə husilərə qarşı da əməliyyatlar keçiriləcək. ABŞ isə bunu İsrailin əli ilə edir. Hesab edirəm ki, bu istiqamətdə Vaşinqton tərəfindən rəsmi Təl-Əvivin təhlükəsizliyi təşkil olunur”.
Politoloq bildirdi ki, hazırda İsrailin müdafiəsi gücləndirilir:
“İrandan bu ölkəyə hər hansı ciddi şəkildə hücumların təşkil edilməməsi üçün, eyni zamanda əgər hücumlar olarsa, İsrailin onları zərərsizləşdirməsi mümkün olsun deyə bu addımlar atılır. Təbii ki, Yaxın Şərqdə genişmiqyaslı hərbi eskalasiya mümkündür. ABŞ isə bu istiqamətdə İsraili müdafiə hüququnu özündə saxlayır”.
Günay Rəsulqızı