"2025-ci ildə neft bazarı təklif çoxluğu riski ilə üzləşəcək, çünki..." - ŞƏRH

“2025-ci ildə neft bazarı təklif çoxluğu riski ilə qarşı-qarşıyadır”.
Bu barədə Beynəlxalq Enerji Agentliyi (IEA) xəbərdarlıq edib. Qeyd olunub ki, bazara gündəlik tələbatdan 1 milyon barel daha artıq neft çıxarılacağı gözlənilir.
Bu cür vəziyyətin yaranmasını hansı amillər şərtləndirir?
Bununla bağlı Sfera.az-a açıqlama verən siyasi şərhçi Şahin Cəfərli deyib ki, amillərdən biri nəhəng Çin iqtisadiyyatındakı mənfi tendensiyalardır.
Onun sözlərinə görə, bu ölkənin coşğun inkişaf dövrü arxada qalıb və bu il böyümənin 5%-in altında gerçəkləşəcəyi gözlənilir:
“Təbii ki, Çin iqtisadiyyatı yavaşlayırsa, xammala tələbat da azalır, bu isə qiymətləri aşağı çəkir. İkinci faktor OPEC+ formatının özünü tükətməyə başlamasıdır. OPEC ölkələri oktyabrda hasilatı artırmağa başlayacaqdı, amma neftin o ərəfədə sürətlə ucuzlaşması səbəbilə bunu 2 ay təxirə saldılar. Sonrakı günlərdə Orta Şərqdə gərginlik və İsrailin İranın neft infrastrukturuna zərbə endirəcəyi barədə xəbərlərin yayılması nefti bahalaşdırdı. Bu gün bunun əksi yönündə, yəni İsrailin İranın enerji və nüvə obyektlərini hələlik vurmayacağı barədə informasiya yayıldı. Dekabrdan OPEC ölkələri hasilatı artırmağa başlamalıdır. Səudiyyə Ərəbistanı bildirib ki, artıq hasilatın ixtisarını davam etdirmək istəmir, çünki bazar payını itirir. Üçüncü amil ABŞ-də hasilatın artmağa davam etməsi və 13,4 milyon barelə çatmasıdır”.
Ekspertin fikrincə, neftin ucuzlaşması bir tərəfdən yaxşıdır:
“Çünki bu, Rusiyadakı faşist-militarist rejimin resurslarını ciddi şəkildə azaldaraq onun işğalçı müharibəni davam etdirməsinə problemlər yaradacaq. İndinin özündə də Rusiya iqtisadiyyatında neqativ tendensiyalar güclənir. Neftin ucuzlaşmasının neqativ tərəfi isə əlbəttə ki, bizə gözlənilən mənfi təsirləri ilə bağlıdır. İqtisadiyyatımız tamamilə neftdən asılı olaraq qalır. Azərbaycan neft sektorunda hasilatın azalması problemi də var. Əgər bu iki proses - ucuzlaşma və hasilat azalması eyni dövrə təsadüf edib davamlı xarakter alarsa, onda "ideal fırtına" baş verə bilər”.
Günay Rəsulqızı