Türkiyəli məşhur aşpaz Nüsret necə milyonçu oldu? - VİDEO

Türkiyəli məşhur aşpaz Nüsret necə milyonçu oldu? - VİDEO

Baku TV-də bir çox ölkədə restoranlar şəbəkələrinin sahibi olan steyk ustası türkiyəli aşpaz Nusret Gökçe haqqında araşdırma materialı efirə gedib.

 

Nusret 1983-cü il avqustun 9-da Ərzurumun Paşalı kəndində kürd ailəsində anadan olub. Oğlan məktəbi yarımçıq qoyub, mədəndə çalışan və çox kasıb yaşayan atasına kömək etmək üçün işləməyə başlayır. İşlədiyi qəssabxananın yanında steyk restoranı açılanda artıq ətlə işləməyi peşəkarcasına öyrənən 24 yaşlı Nusret yeni iş yerində peşəsini davam etdirir. Bir az pul yığan Nusret 3 aylıq Argentinaya gedir və oradakı aşpazların sirlərini öyrənir. Türkiyəyə qayıdan istedadlı gənc aşpaz məşhurlaşmağa başlayır.

 

Amerikaya getmək istəyən Nusretə viza almaq üçün müraciətlərinə 4 dəfə rədd cavabı verilsə də, haqqında yazılan məqalələrlə konsulluğa gedən gəncə, nəhayət, viza verilir. Amerikada Nusret məşhur restoranlarda işləyib, püxtələşir.

 

Oradan qayıdan 27 yaşlı aşpaz İstanbulda 8 masa və 6 işçisi olan ilk "Nüsr-əti" restoranını açır. Restoran tez bir zamanda steyk həvəskarlarının sevimli məkanına çevrilir. 2017-ci ildə Nusret sosial şəbəkədə ustalıqla ət kəsərək duz səpdiyi videosunu yayımlayır və video 48 saat ərzində 2,6 milyon baxış toplayaraq ona "Salt Bae" ləqəbini qazandırır.

 

Əslində, BAE abreviaturası "Hər kəsdən əvvəl" deməkdir və bu kontekstdə başqası duzlamamışdan əvvəl "özün duzla" mənasını daşıyır. Bir il ərzində Nusret Dubay, Abu-Dabi, Doha, Mayami, London və Nyu-Yorkda restoranlar açır. Restoranların qonaqları arasında Dieqo Maradona, Lionel Messi, Devid Bekhem, Roman Abramoviç, Ramzan Kadırov, Leonardo Di Kaprio kimi məşhurlar olur. Aşpazın populyarlığının səbəbini PR şirkəti ilə əməkdaşlıqda görürlər.

 

Onun həmin PR şirkətinə 2 milyon dollar ödədiyi bildirilir. Aşpaz isə yeməklərinin baha olmasını 14 saatlıq iş rejimi ilə çalışdığı, 5 ton ətdən yalnız 100 kiloqram ən keyfiyyətli ət seçdiyi ilə izah edir. COVID19 pandemiyasının yaratdığı fəsadlar Nusretin biznesindən yan keçməsə də, aşpaz Türkiyənin ən varlı adamları siyahısındakı yerini qoruyub saxlayır. Nusretin qardaşları da onunla birlikdə çalışır.

 

Xeyriyyə işlərində iştirak edən aşpaz Ərzurumda məktəb tikdirir. Doqquz uşaq atası Nusret Gökçe işgüzarlığı ilə kasıb uşaqdan uğurlu milyonçuya çevrilməsinin real olduğunu nümayiş etdirir.

 

Ətraflı süjetdə:

 


OXŞAR XƏBƏRLƏR