Abşeron yarımadasına qaz verilişi bərpa olundu - YENİLƏNİB
17:43
Abşeron yarımadasına qaz verilişi bərpa olunub.
Dövlət Neft Şirkətindən Milli.Az-a verilən məlumata görə, SOCAR, Fövqəladə Hallar Nazirliyi və ''Azərenerji'' mütəxəssislərinin birgə səyləri və görülmüş operativ tədbirlər nəticəsində Səngəçal qəsəbəsi ərazisində Qaz Emalı Zavodundan Səngəçal Baş Qurğularına gedən 1000 mm-lik magistral qaz kəmərində baş vermiş yanğın söndürülüb.
Qəza baş vermiş xətdə təmir bərpa işlərinə başlanılıb, Abşeron yarımadasına qazın verilməsi alternativ qaz xətti ilə bərpa olunub.
----------
15:23
Magistral qaz kəmərində baş vermiş yanğının nəticələrinin aradan qaldırılması üçün işlər aparılır.
Sfera.az xəbər verir ki, SOCAR-dan Trend-ə verilən məlumata görə, dekabrın 27-də saat 09:55-də Qaradağ rayonu Səngəçal qəsəbəsi ərazisində Qaz Emalı Zavodundan Səngəçal Baş Qurğularına gedən, diametri 1000 mm-lik magistral qaz kəmərində yanğın baş verib.
Yanğının söndürülməsi məqsədilə həmin xətt lokallaşdırılıb, bu xəttə verilən qaz alternativ qaz kəmərinə ötürülüb. Hadisə yerinə dərhal yanğından mühafizə qüvvə və vasitələri cəlb olunub.
Baş vermiş yanğın Abşeron yarımadasının qazla təchizatında müəyyən məhdudiyyətlər yaradıb. Yanğının söndürülməsi və qaz təchizatında yaranmış məhdudiyyətlərin aradan qaldırılması üçün zəruri tədbirlər görülür.