Rusiya mətbuatında "Turan ideyası" QORXUSU: "Çıxarılan nəticə yanlışdır..." - ŞƏRH

Oktyabrın 9-10-da Qırğızıstanın paytaxtı Bişkekdə türk dövlətlərinin süni intellekt üzrə ilk sammiti keçiriləcək.
Sfera.az-ın məlumatına görə, bununla bağlı fikirlərini bölüşən politoloq Elxan Şahinoğlu deyib ki, bu, türk dövlətlərinin ortaq əlifbasının qəbulu qərarından sonra inteqrasiya yolunda atılan digər addımlardan biridir:
“Sammitin təşəbbüskarı Qırğızıstan Prezidenti Sadır Japarovdur. Sammitdə türk dövlətlərinin bu sahədə aparıcı ekspertləri bir araya gələcək, süni intellekt sahəsində ən son nailiyyətlərin müzakirəsi, təcrübə mübadiləsi olacaq, bu sahədə ortaq strategiyanın konturları müəyyənləşəcək. Toplantının məqsədləri kimi türk dünyasında süni intellektin inkişaf strategiyalarının hazırlanması, innovasiya və texnoloji tərəqqinin təşviqi, elmi-texniki əməkdaşlığın gücləndirilməsi, startaplara investisiyaların cəlb edilməsi göstərilib. Ankarada isə sentyabr ayında keçirilən toplantıda Türk dünyasının vahid xəritəsinin yaradılması barədə qərar qəbul edilib. Beləliklə, türk dövlətləri bütün sahələrdə əməkdaşlığı genişləndirməyə çalışırlar”.
Ekspert qeyd edib ki, türk dövlətlərinin inteqrasiyası heç bir dövlətə qarşı yönəlməyib:
“Buna baxmayaraq, Rusiya mətbuatında bu inteqrasiya əleyhinə yazılar yayımlanır. Türk xalqlarının qədim vətəninin Altay olduğu bildirilərək türk dünyasının gələcəkdə Rusiya ərazisinə iddiası olacağına eyham vurulub. Məqalələrdə türk dünyasının inteqrasiyasının arxasında Türkiyə-Böyük Britaniya cütlüyü göstərilib. Guya, bu cütlük Rusiyanın nə vaxtsa zəifləməsindən istifadə edərək bölgədə Turan ideyasını reallaşdıracaq. Rusiya mətbuatında türk dünyasının vahid xəritəsi ilə bağlı toplantıda üzv ölkələrin hərbi attaşelərin iştirakından yanlış nəticə çıxarılıb. Guya, vahid xəritə vasitəsilə bölgənin yolları, infrastukturları, hərbi məntəqələri, körpüləri və hava limanlarının dəqiq koordinatları müəyyənləşdirilərək hərbi planlaşmaya dəstək mahiyyəti daşıyacaq. Türkiyə ilə Mərkəzi Asiya ölkələri ilə arasında artan hərbi əməkdaşlıq da Rusiya üçün təhlükə kimi qiymətləndirilib”.
E.Şahinoğlunun sözlərinə görə, Rusiyanın Türk Dövlətləri Təşkilatına üzv ölkələrin hər biri ilə tərəfdaşlıq münasibətləri mövcuddur:
“Lakin Rusiyadakı bəzi dairələr türk dövlətləri arasındakı inteqrasiyanı özü üçün təhlükə kimi qiymətləndirməkdə davam edir. Rusiya türk dünyasından çəkinməkdənsə, Ukrayna müharibəsini necə bitirəcəyi, o cümlədən ABŞ və Fransa hərbçilərinin Ermənistanda yerləşdirilməsinin qarşısının necə alacağı barədə düşünməlidir”.
Günay