Deputat “Qayıdış və reinteqrasiya haqqında” sənəddən DANIŞDI
“Ötən günlərdə bir şəxsin öz evini kirayəyə verməsi ətrafında müxtəlif informasiya platformalarında məcburi köçkünlər əleyhinə kampaniya başladı, lakin daha sonra son 4 ildə Böyük qayıdışı sərvət bölgüsü və məmurların biznes məkanı adlandırılan daxili və xarici düşmənlərin Qələbəmiz əleyhinə beynəlxalq aksiyasına çevrildi”.
Sfera.az xəbər verir ki, bunu Milli Məclisin 30 sentyabr tarixli iclasında deputat Zahid Oruc deyib.
Millət vəkili bildirib ki, məcburi köçkünlük və qaçqınlığa dair ötən on illər ərzində çoxlu qanunvericilik aktlarının yaradılması milli humanitar fəlakəti hüquqi cəhətdən aradan qaldırmağa imkan verib:
“Lakin Qayıdışın hüquqi əsaslarını formalaşdırmaq, qayıdışı sistemli təşkil etmək, yeni torpaq islahatını aparmaq, məşğulluq və sahibkarlıq fəaliyyətini təşkil və təşviq etmək üçün müvafiq qanunvericiliyin və normativ hüquqi bazanın mövcudluğu zəruridir. Ötən il mənsub olduğumuz Komitə müvafiq dövlət qurumunun hazırladığı “Qayıdış və reinteqrasiya haqqında” sənədi ali hakimiyyət orqanlarına təqdim edilib. Layihədə üç əsas məsələ - qayıdan şəxslərin hüquqi vəziyyəti, onlara iqtisadi və sosial güzəştlərin verilməsi, inteqrasiyanın təmin edilməsi və idarəetmənin əsaslarının yaradılması ehtiva olunub. Əlbəttə, bunlar parlamentimizin də tarixində misilsiz hadisələr olacaq.Biz ötən il may ayında azad torpaqlarda 10 illik müddətdə müxtəlif vergi növlərindən azad olunmanı nəzərdə tutan qanunvericilik aktlarını qəbul etmişdik. Əgər hüquqi çərçivəni vaxtında yaratmasaq, kənar qüvvələr prosesi öz inhisarına götürəcək və informasiya şəbəkələrində müqəddəs Qayıdış hərəkatına kölgə salmağa çalışacaqlar”.
Firuzə Əliyeva