"Rusiya nüvə silahından istifadə edə bilməz, Putin Qərbi sadəcə şantaj edir" - AÇIQLAMA
Ötən gün Rusiya Prezidenti Vladimir Putin Rusiya Təhlükəsizlik Şurasının iclasında nüvə doktrinasında dəyişikliklər edildiyini açıqlayıb. Yeni doktrinaya görə, Rusiyaya qarşı raket, təyyarə və ya PUA hücumu olarsa, Moskva nüvə silahından istifadə edə bilər. Rusiya prezidenti bəyan edib ki, bu dəyişikliklər "müasir hərbi təhdidlərə qarşı" edilib.
Bununla bağlı Sfera.az-a açıqlama verən politoloq Məhəmməd Əsədullazadə deyib ki, Zelenski də eyni məzmunlu çıxış edə bilər.
Onun sözlərinə görə, bunun Qərbin Kiyevə nüvə silahı verəcəyi təqdirdə baş tutması mümkündür:
“Ukrayna prezidentinin də ölkəsinin ərazisinə adi silahlarla hücum edilməsi halında, nüvə silahından istifadə edəcəyini elan etməsi mümkündür. Rusiya isə Ukraynanın digər ərazilərə hücum ehtimalından, Qərbin verdiyi silahlarla ölkənin dərinliklərinə zərbə endirməsindən çəkinir. Çünki bu, Rusiya daxilində ciddi narazılığa və etirazlara gətiririb çıxara bilər”.
Müsahibimiz qeyd edib ki, Putinin son qərarı Rusiyanın adi silahlarla döyüşə bilmədiyi və ordusunun Ukrayna qarşışında zəif olduğunun göstəricisidir:
“Təbii ki, Rusiya Ukrayna qoşunlarına nüvə silahı tətbiq edə bilməz. Putin sadəcə olaraq nüvə məsələsi ilə Qərbi şantaj və təhdid edir. Qərb liderləri Rusiya liderinin nüvə şantajından çəkinərsə, Ukrayna və Şərqi Avropa Moskvanın nəzarətinə keçə bilər. Fikrimcə, Rusiya-Ukrayna müharibəsində artıq yeni bir mərhələ başlayır”.
Günay Rəsulqızı