"Qərb Putinin bu qərarından narahatdır" - ABŞ-li polkovnik
ABŞ Putinin nüvə doktrinası ilə bağlı qərarından narahatdır.
Sfera.az bildirir ki, bununla bağlı ABŞ Silahlı Qüvvələrinin istefada olan polkovnik-leytenantı Daniel Devis açıqlama verib. O, bu barədə “YouTube” kanalında danışıb.
Devis qeyd edib ki, Rusiya prezidentinin nüvə silahından istifadə şərtlərini yenidən müzakirə etməsi NATO ölkələrinə təzyiqdir. Onun sözlərinə görə, Putin bununla Qərbi Ukrayna münaqişəsi ilə bağlı mövqeyini dəyişməyə məcbur etmək istəyir.
“NATO təmkin nümayiş etdirməlidir, əks halda nüvə silahından istifadənin real təhlükəsi var. Rusiya bu hərəkəti ilə NATO ölkələrinə bunu demək istəyir: “Problemdən kənarda qalın, yoxsa nüvə silahından istifadə edəcəyik”. Mən bunların boş hədələr olduğunu düşünmürəm”, - polkovnik-leytenant əlavə edib.
Devis qeyd edib ki, Putinin qərarı Qərbi seçim qarşısında qoyur: “Yəni ya müdaxiləni davam etdirməliyik, ya da Moskva taktiki nüvə silahından istifadə edəcək və bu da Ukraynanın qurbana çevrilməsinə səbəb olacaq”.
O vurğulayıb ki, ABŞ və Avropa vətəndaşlarının əksəriyyəti bu münaqişədə iştirak etmək və həyatlarını riskə atmaq istəmirlər.
Qeyd edək ki, sentyabrın 25-də Vladimir Putin nüvə doktrinasının dəyişdirilməsini təklif edib.
Günay Rəsulqızı