Bunları etməsəniz, uşaqlarınızda... - Valideynlərin NƏZƏRİNƏ!

Yeni tədris ilinin başlaması ilə bir sıra məsələlər müzakirə obyektinə çevrilib. Bunlardan biri də məktəblilərin yuxu rejimi ilə bağlıdır. Bu, xüsusilə valideynləri düşündürən məsələdir.
Məktəblilərin yuxu rejimi necə olmalıdır?
Bununla əlaqəli Sfera.az-a açıqlama verən Respublika Pediatriya Mərkəzinin nəzdində olan Uşaq Nevroloji Xəstəxanasının həkim-nevroloqu Firuzə Bayramova bildirib ki, məktəbli uşaqların sağlam böyüməsi və inkişafları üçün keyfiyyətli yuxu rejimi çox önəmlidir:
“Ümumiyyətlə, tibbi ədəbiyyatda məktəbli uşaqların günlük 10-11 saat yuxuya ehtiyacları olduğu qeyd olunur. Yetərsiz yuxu məktəbli uşaqlarda öyrənmə və diqqət pozğunluqlarına səbəb olur. Aparılan bir çox araşdırmalarda yuxu problemi olmayan uşaqların akademik nəticələrinin daha yaxşı olduğu göstərilir. Yuxu rejimi həm də immun sistemin güclənməsinə səbəb olur və xəstələnmə riskini azaldır. 8 yaş və daha kiçik uşaqlar 20:00-da, 9 yaş və daha böyük uşaqlar isə ən geci 21:00-da yatmalıdırlar. Yatağa getməzdən əvvəl hər gün eyni saatda yuxuya hazırlıq prosesi olmalı, dişlər fırçalanmalı, paltar dəyişilməlidir. Ən azı 1 saat əvvəldən bütün ekranlardan uzaq tutulmalı, yataq otağında isə elektronik əşya olmamalıdır”.
Mütəxəssis qeyd edib ki, televizor, kompüter və mobil telefonun çox istifadəsi melatonin hormonunun sintezinin azalmasına səbəb olaraq yuxunu pozur:
“Günlük olaraq internet istifadəsi ibtidai siniflər üçün maksimum 45 dəqiqə, 5-9-cu siniflər üçün 1 saat, 10-11-ci siniflər üçün isə 2 saat olmalıdır. Gün ərzində 2 saat və ya daha çox televizor izləmək, yatağa gec getmək, gün ərzində kompüter və mobil telefondan çox istifadə, sağlam qidalanma planının olmaması, xüsusilə “fastfood” və qazlı içkilərdən çox istifadə etmək, fiziki aktivliyin az olması yuxu problemlərinə səbəb ola bilər. Valideynlər bu mövzuda səbirlə çalışmalı, lazım gələrsə, həkim-mütəxəssislərdən dəstək almalıdırlar”.
Günay Rəsulqızı