Dövlət qurumlarında yüksək əməkhaqqı olan sahələr - ADLAR
Azərbaycanın qeyri-dövlət müəssisə və təşkilatlarında ümumi maaş səviyyəsi dövlətin müəssisə və təşkilatlarına nisbətən yüksək olsa da, bəzi sahələr var ki, orada dövlət qurumları işçilərinə daha yüksək əməkhaqqı verir.
Sfera.az xatırladır ki, Azərbaycanda orta əməkhaqqı 1000 manatdır. Orta əməkhaqqı dövlət müəssisələrində 959 manat, qeyri-dövlət (özəl sektor və bələdiyyələr) müəssisələrində 1049 manatdır.
Statistikaya diqqət yetirdikdə görürük ki, bəzi sahələrdə dövlət qurumlarında maaşlar qeyri-dövlət müəssisələrinə nisbətən xeyli yüksəkdir. Emal sənayesində dövlətdə orta maaş 1 269 manat olduğu halda, qeyri-dövlətdə 843 manatdır. Ticarət sahəsində dövlətdə orta maaş 947 manat, qeyri-dövlətdə 668 manatdır. Nəqliyyat və anbar təsərrüfatında da dövlət yüksək maaş verir. Burada dövlətdə orta maaş 1 433 manat, qeyri-dövlətdə 1 262 manatdır.
Maaşlarda kəskin fərq turizm və ictimai iaşədə də müşahidə edilir. Dövlətdə bu sahədə çalışanlar 1 766 manat aldığı halda, qeyri-dövlətdə 713 manat alır. Maliyyə və sığorta sahəsində də dövlət daha yaxşı maaş verir. Bu sahədə dövlətdə çalışanlar 3 329 manat, qeyri-dövlətdə çalışanlar 2 706 manat maaş alır.
Daşınmaz əmlakla əlaqədar əməliyyatlar sahəsində də dövlət müəssisələri daha yaxşıdır. Burada çalışanlara dövlət müəssisələri 1 234 manat, qeyri-dövlət 1 036 manat orta əməkhaqqı verir.
Əhaliyə səhiyyə və sosial xidmətlər sahəsində də dövlətdə maaş yüksəkdir. Bu sahədə çalışanlara dövlət 888 manat, qeyri-dövlət 712 manat əməkhaqqı ayırır.
Vasif