Çeçenistanda saxlanılan vətəndaşlarımız Ukraynaya müharibəyə göndəriləcək? - AÇIQLAMA
Xəbər verdiyimiz kimi, Azərbaycan Çeçenistanda saxlanılan və zorla Ukrayna ilə müharibə zonasına göndərilməsi iddia edilən azərbaycanlılarla bağlı Rusiya Xarici İşlər Nazirliyinə müraciət edib. Belə ki, miqrasiya probleminə görə Çeçenistanda saxlanılan Azərbaycan vətəndaşları Nihad Rzayev, Elxan Şirinov və Vüqar Məhərrəmovla bağlı Rusiya XİN-ə nota göndərilib.
Maraqlıdır, Rusiyanın buna reaksiyası necə ola bilər? Vətəndaşlarımız məcburi olaraq Ukraynaya müharibəyə göndərilə bilərmi?
Bununla bağlı Sfera.az-a açıqlama verən deputat Fazil Mustafa bildirib ki, bu, ciddi bir cinayət aktıdır:
“Beynəlxalq hüquqa görə, belə bir addımı atan dövlətin məsuliyyəti məsələsi qoyulur. Azərbaycan Xarici İşlər Nazirliyi də çox doğru addım atıb. Çünki heç bir Azərbaycan vətəndaşını zorla müharibəyə cəlb etmək mümkün deyil. Ola da bilməz. Fikrimcə, bu məsələyə miqrasiya xarakterli problem kimi baxılmalıdır. Şəxs müəyyən ölkədən kənarlaşdırılır, ya da cərimə tətbiq olunur. Bunu həyata keçirə bilərlər. Bütövlükdə belə bir akt varsa, bu, böyük bir skandaldır”.
Millət vəkili qeyd edib ki, Rusiya tərəfi Azərbaycanla normal münasibətləri nəzərə alaraq məsələdə ciddi addımlar atacaq:
“Əgər Çeçenistanda həqiqətən də, bu məqsədlə onları müharibəyə cəlb ediblərsə, bu, heç bir izahı olmayan məsələdir. Burada Azərbaycan tərəfinin mövqeyi tamamilə hüquqi cəhətdən əsaslandırılıb. Məncə, məsələnin həlli istiqamətində bütün resurslarımızı işə salmalıyıq. Öz vətəndaşlarımızı xilas etməliyik”.
Politoloq Natiq Miri isə bildirdi ki, sözügedən nota araşdırılıb Rusiya XİN səviyyəsində cavabı veriləcək:
“Bunu gözləməyə ehtiyac var. Lakin düşünürəm ki, bu, yetərsizdir. Çünki Rusiya hüquq dövləti deyil. Moskva hər zaman güc dilindən və insanlararası münasibətlərdən istifadə edən dövlətdir. Azərbaycanda da elə şəxslər var ki, öz nüfuzlarından istifadə edərək prosesə müdaxilə edə və bunu həll edə bilərlər. Buna görə hər kəs əlindən gələni etməlidir ki, Azərbaycan vətəndaşları haqsız yerə istismar obyekti olmasın. Ayrıca bizim olmayan bir müharibədə gedib tələf olmasınlar. Eyni zamanda öz vətəndaşına dəyər verdiyi təqdirdə, bir dövlət güclüdür. Fikrimcə, Azərbaycan da belə bir dövlət olmağa çalışmalıdır. Bilavasitə bunu əməli işdə həyata keçirməlidir”.
Natiq Mirinin fikrincə, son nöqtədə bu məsələ Rusiya prezidenti səviyyəsində qaldırılmalı və həlli tələb olunmalıdır:
“Çünki burada söhbət azərbaycanlıların həyatından gedir. Bu insanlar ehtiyacları olduqları üçün Rusiyaya işləməyə gediblər. Bundan istifadə edərək, guya, hansısa hüquq pozuntusu kontekstində bu insanları cəzalandıra, Rusiyadan xaric edə bilərsiniz. Ancaq onları məcburi olaraq hansısa başqa bir müharibəyə göndərmək düzgün deyil, bu, həm də hüquqa zidd davranışdır. Ona görə də hər şeyin bir nota ilə hüquqi çərçivədə həll olunacağını gözləmək də yanlışdır. Ən azından ortada hindlilərin zorla müharibəyə göndərilməsi hadisəsi var. Bu prosesə də məhz Baş nazir Modi müdaxilə edəndən, yəni bu məsələ Rusiya prezidenti səviyyəsinə qaldırılandan sonra öz həllini tapdı. Çünki Rusiya Hindistan kimi böyük bir ölkə ilə münasibətləri pozmaq istəməz. İndiki vəziyyətdə Azərbaycan da Rusiya üçün strateji ölkədir. Biz də insanlarımızın dəyərini biliriksə, məsələni bu şəkildə qoymalı və təcili həll etməliyik. Bu insanlar tələf olandan sonra işə müdaxilə heç nəyə yaramayacaq”.
Günay Rəsulqızı