Azərbaycanda şagirdlərə telefon qadağası: Pilot layihə bu il bütün məktəblərdə tətbiq ediləcək?

Azərbaycanda şagirdlərə telefon qadağası: Pilot layihə bu il bütün məktəblərdə tətbiq ediləcək?

Dərslərin başlamasına sayılı günlər qalması orta məktəblərdə telefon qadağası məsələsini yenidən gündəmə gətirib. Ötən ilin sonunda təsdiqlənən “şagird davranış qaydaları”nda ümumi təhsil müəssisələrinə gətirilməsinə icazə verilməyən əşyalar arasında elektron cihazlar- telefon, planşet və ağıllı saatlar var. Buna baxmayaraq, hələ də bəzi məktəblərdə şagirdlər məktəbə telefon aparır. Təbii ki, bu mövzuya müxtəlif yanaşmalar var. Bəziləri düşünür ki, şagirdlərin sinifdə mobil telefondan istifadə etməsi fikrini dərsdən yayındırdığı üçün yolverilməzdir. Bəzilərinin fikrincə isə bu gün qloballaşan dünyada bacarıqların formalaşması üçün İKT avadanlıqlarına, eyni zamanda ağıllı telefonlara böyük ehtiyac olduğu üçün şagirdlərin məktəbdə smartfon telefonlardan istifadə etməsinə qadağa qoyulması doğru deyil.

 

Bəs məsələ necə tənzimlənməlidir?

 

Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən deputat Ceyhun Məmmədov bildirib ki, ümumi prosesi təhlil etsək, görərik ki, tədrisə ən çox təsir göstərən məsələlərdən biri telefonlardan istifadədir:

 

“Bu gün telefonlardan istifadə dərs prosesinə mənfi təsir göstərir. Hesab edirəm ki, smartfonlar qadağan olunmalıdır. Bu məhdudiyyət təkcə şagirdlərə yox, müəllimlərə də tətbiq olunmalıdır. Ümumi götürdükdə bir tərəfdən smartfonlar nə qədər həyatımızı asanlaşdırsa da, o qədər də mürəkkəbləşdirir. Bu gün biz bu telefonların insanların diqqətini açıq-aydın yayındırdığını görürük. Onsuz da valideyn bilir ki, övladı məktəbdədir, bunun üçün heç bir narahatlığa da ehtiyac yoxdur. Çox vacib olarsa, sadə telefonların istifadəsi məsələsinə baxıla bilər”.


Təhsil eksperti Elçin Əfəndi isə bildirdi ki, “şagird davranış qaydaları”nda telefonlarla bağlı olan qadağanın doğru olduğunu düşünür:

 

“Bu qayda hələ ki, pilot layihə kimi tətbiq olunur, ölkədəki 4400 təhsil müəssisəsini əhatə etmir, amma fikrimcə, gələcəkdə bütün təshil müəssisələrində bu qadağa tətbiq olunmalıdır. Artıq bir çox ölkədə bu barədə məhdudiyyətlər tətbiq olunur. Qonşu ölkələrdən Rusiya və Türkiyədə artıq məktəbdə mobil telefondan istifadə ilə bağlı qadağalar demək olar ki, qəbul olunub. Bu yaxınlarda Avstraliyada da bu barədə qərar qəbul olundu.

 

Ekspert qeyd etdi ki, biz informasiya texnologiyaları əsrində yaşasaq da, bir çox vətəndaşımız texnologiyadan təyinatı üzrə istifadə etmir:

 

“Əgər biz bu gün şagirdlərin smartfon və ya planşetlərdən təhsil üçün istifadəsini görsək, əlbəttə, müsbət yanaşarıq. Lakin görünən odur ki, şagirdlər auditoriyaya telefon keçirdikləri zaman ya müəllimlə etik davranış qaydalarından kənara çıxma hallarını, ya da təhsil müəssisəsindəki ləvazimatlara zərər yetirdiyi anları videoya alıb sosial platformada yayırlar. Əlbəttə ki, bu da müsbət fikir formalaşdırmır, qarşısı alınmalıdır. Əgər biz İKT avadanlıqlarından istifadəni nəzərdə tuturuqsa, şagirdlər üçün müvafiq informatika otaqları var, orada lazımi bilikləri əldə edə bilərlər. Şagird məcbur deyil ki, auditoriyada olduğu zaman telefonu üzərində daşısın. Düzdür, bəzi valideynlər övladları ilə bağlı narahat olur, əlaqə saxlamaq istəyirlər. Lakin bilinməlidir ki, günümüzün ən böyük problemlərindən biri mobil telefonlardır”. 

 

E.Əfəndiyev qeyd edib ki, telefonlara aludə olan abituriyentlərin göstəriciləri olduqca aşağı olur:

 

“Məsələn, builki qəbul ilində minlərlə abituriyent müvafiq müsabiqə şərtini ödəmədi və kənarda qaldı. Onların əksəriyyəti ilə sorğu keçirsək, vaxtlarının çoxunu mobil telefonlara, xüsusən də sosial platformalara sərf etdiyini görərik. Əgər auditoriyada mobil telefondan istifadəyə icazə versək, ümumiyyətlə, ali təhsil müəssisələrinə qəbul olanların sayı faiz nisbətində daha da aşağı düşər. Heç kim bu qərarı şəxsiyyətin fikir və söz azadlığının və yaxud da hüquqlarının əlindən alınması kimi anlamamalıdır. Əgər biz sivil, təhsilli cəmiyyət yaratmaq istəyiriksə, o zaman qəbul edilən qərara hər kəs hörmətlə yanaşmalıdır”.

 


Ümumi Təhsil üzrə Dövlət Agentliyi ölkəmizdəki orta məktəblərdə telefon qadağası ilə bağlı məsələ barədə bildirib ki, ötən tədris ilinin 2-ci yarımilindən başlayaraq, ölkəmizin 300-dən çox məktəbində şagirdlərin məktəbə ağıllı saat və telefonları, həmçinin digər elektron cihaz gətirməməsi pilot şəkildə tətbiq olunur:

 

“Şagird məktəbə gəlib-getməsi üçün təhlükəsizliyinin təmin olunması məqsədilə telefon gətirirsə, həmin telefon şagirddən alınaraq təhlükəsiz yerdə saxlanılır. Dərs məşğələləri bitdikdən sonra isə telefon şagirdə geri qaytarılır”.

 

Qeyd edək ki, artıq bir neçə ildir, bəzi ölkələrdə şagirdlərin məktəbdə mobil telefondan istifadəsinə qadağa qoyulub. Məsələn, Fransa hələ 2018-ci ildən 15 yaşından aşağı olan şagirdlərə məktəb ərazisində telefondan istifadəni qadağan edib. Həmçinin Böyük Britaniya məktəblərində mobil telefonlardan istifadəyə tam qadağa tətbiq ediləcək. Qadağanı pozan və dərsə telefon gətirən məktəblilər cəza olaraq dərsdən sonra məktəbdə saxlanılacaq, mobil cihazlar isə qeyri-müəyyən müddətə müsadirə olunacaq. ABŞ-nin bir neçə ştatında məktəb ərazisində şagirdlərin telefondan istifadəsi qadağandır. Türkiyədə də məktəbə telefonla gəlmək qadağan olunub. Bundan başqa, Avstraliyada uşaq və yeniyetmələrin sosial şəbəkələrdən istifadə etməsi qadağası tətbiq ediləcək.

 

Firuzə Əliyeva
 


OXŞAR XƏBƏRLƏR