Britaniya Baş nazirindən Putinə SƏRT REAKSİYA: "Sən başlatdın..."
İranın Rusiyaya ballistik raketlər göndərdiyi iddiası ilə başlayan gərginlik getdikcə daha da şiddətlənir. Bu həftə ABŞ administrasiyası Rusiyaya silahlar ötürməklə Ukraynadakı müharibəni Moskvanın lehinə dəstəklədiyini əsas gətirərək İrana qarşı yeni sanksiyalar tətbiq edib.
Sfera.az bildirir ki, Vaşinqtonun bu qərarından sonra Fransa, Almaniya və Böyük Britaniya da eyni gündə İrana qarşı sanksiyalar tətbiq etmək qərarına gəliblər. İran ABŞ-nin sanksiya qərarını “iqtisadi terror” adlandırıb və buna reaksiya verəcəyini bildirib.
ABŞ və Böyük Britaniya da Ukraynanın Rusiya ərazisini uzaqmənzilli Qərb silahları ilə vurmasına icazə vermək fikrinə gəlib. Rusiya Prezidenti Putin isə dünən məsələ ilə bağlı susqunluğunu pozaraq, Ukraynanın ölkəsinin ərazisinə uzaqmənzilli silahlarla hücum edəcəyi təqdirdə NATO ilə müharibəyə gedəcəkləri barədə xəbərdarlıq edib.
Putinin sərt bəyanatına Qərb cəbhəsindən ilk cavab Vaşqinqtona gediş yolunda Böyük Britaniyanın Baş naziri Key Starmerdən gəlib: "Müharibəni Putin başladıb. Rusiya Ukraynanın ərazilərini işğal edib. Ona görə də, Rusiya istədiyi vaxt müharibəyə son qoya bilər. Ukraynanın özünümüdafiə hüququ var”.
Qeyd edək ki, Starmer Kiyevin Rusiyaya qarşı uzaqmənzilli raketlərdən istifadə etməyə icazə verilib-verilməyəcəyini müzakirə etmək üçün Vaşinqtondadır. Analitiklərin fikrincə, ABŞ-də seçkidən əvvəl keçirilən görüş müharibənin gedişatını müəyyən edəcək.
Günay