Notariuslar mənzil alanlardan pulun mənbəyini niyə tələb edirlər? - AÇIQLAMA
Azərbaycanda daşınmaz əmlakın alqı-satqısı zamanı notariuslar hələ də alıcılara vəsaitin mənbəyinin göstərilməsi ilə bağlı tələb irəli sürür. Bu tələb artıq bir neçə aydır alıcıları narahat edir və bəzi şəxslər vəsaitin mənbəyini göstərməkdə çətinlik çəkdiyindən şikayət edirlər.
Sfera.az bildirir ki, daşınmaz əmlak alan şəxslərin arasında Azərbaycan vətəndaşları ilə yanaşı, xarici ölkə vətəndaşları da var. Bu cür tələblər onları da narahat edir və əcnəbilərin bəziləri narahatçılıq keçirərək ölkəmizdə daşınmaz əmlak almaqdan yayınırlar.
Qeyd edək ki, daşınmaz əmlak sektoru böyük investisiya cəlb edən sahələrdən biridir. Hər il yalnız Bakı şəhərində 1 milyard dollar dəyərində və hətta daha böyük məbləğdə daşınmaz əmlak satışı həyata keçirilir. Bu sahədə dövriyyənin artması tikinti sektoruna da investisiya qoyuluşunu artırır.
Buna görə də hökumətlər daşınmaz əmlak sektoruna iri sərmayələrin cəlb edilməsində maraqlıdırlar və bu məqsədlə müxtəlif təşviqedici tədbirlər görürlər.
Hətta daşınmaz əmlak sektoruna böyük investisiya qoyan əcnəbilərə vətəndaşlığın verilməsi təcrübəsi də mövcuddur. Azərbaycanda da oxşar imkanlar yaradılmalı, daşınmaz əmlak alqı-satqısı daha da sadələşdirilməli, notariuslar tərəfindən pulun mənbəyinin göstərilməsi ilə bağlı tələblər ləğv edilməlidir.
Məsələ ilə bağlı saytımıza açıqlama verən daşınmaz əmlak sahəsi üzrə ekspert Elnur Fərzəliyev bildirdi ki, ödəniş edilən pulun mənbəyinin göstərilməsi tələbi artıq sadələşdirilib. O xatırlatdı ki, bir müddət öncə bəzi notariuslar belə bir ciddi tələb irəli sürürdülər. Ekspertin sözlərinə görə bu tələb çətinlik və narazılıq yaratdığından sadələşdirilib:
“Bir müddət bəzi notariuslar vəsaitin mənbəyinin göstərilməsi ilə bağlı rəsmi qaydada deklarasiya tələb edirdilər. Bu hal 2024-cü ilin əvvəlində müşahidə edilib, amma sonra həmin tələb ləğv edildi. İndi heç kimdən rəsmi gəlir deklarasiyası tələb olunmur, yalnız şifahi formada pulun mənbəyi soruşulur”.
E.Fərzəliyev qeyd etdi ki, pulun mənbəyinin soruşulması qanunvericiliyin tələbidir. Ekspert bu tələbin narazılıq yaratdığını nəzərə alaraq sadə formaya salındığını söylədi:
“İndi notariuslar rəsmi gəlir deklarasiyası deyil, sadəcə qanunvericiliyə uyğun olaraq alıcıdan pulun mənbəyini soruşurlar. Qanunun bu tələbi sadəcə daşınmaz əmlak alqısı zamanı deyil, həm də banklar vasitəsilə böyük məbləğdə maliyyə əməliyyatları zamanı, müxtəlif alqı-satqı prosesi zamanı tətbiq edilir. Bəzi insanlar var ki, pulu kənd təsərrüfatı məhsullarının satışından, ticarət əməliyyatlarından, torpağın və ya evinin satışından, eləcə də valideynlərindən qalan mirasdan, yaxud Rusiyada qohumu tərəfindən olunan yardımdan əldə edir. İndi alıcının şifahi formada bu mənbələrdən birinin adını çəkməsi kifayətdir. Notariuslar bu cür cavablarla kifayətlənir, başqa heç nə tələb etmir”.
Vasif