Ortaq Türk Əlifbası layihəsində Anadolu türkcəsi əsas götürüləcək? - AÇIQLAMA
Beynəlxalq Türk Akademiyası və Türk Dili Qurumunun təşkilatçılığı ilə 9-11 sentyabr tarixlərində Türk Dünyası Birgə Əlifba Komissiyasının 3-cü iclası başa çatıb. Görüş zamanı ilk dəfə 1991-ci ildə irəli sürülən Latın əsaslı Ortaq Türk Əlifbası layihəsi hərtərəfli nəzərdən keçirilib. Komissiya bu əlifba layihəsində təkmilləşdirilməsi vacib olan məsələlərlə bağlı ətraflı müzakirələr aparıb, lazımi qərarlar verib. Nəticədə 34 hərfdən ibarət Ortaq Türk Əlifbası təklifi ilə bağlı razılıq əldə olunub. Təklif olunan əlifbadakı hər hərf türk dillərində olan müxtəlif fonemləri təmsil edir. Qeyd olunub ki, artıq hərflərdən 14-ü qəbul olunub.
Bununla bağlı Sfera.az-a açıqlama verən əməkdar jurnalist, filologiya elmləri doktoru Qulu Məhərrəmli deyib ki, deyib ki, tarix boyu, zaman-zaman ortaq türk əlifbası, ortaq türk danışıq dili ilə bağlı müzakirələr olub:
“Məsələnin yenidən aktuallaşması təəccüblü deyil. Çünki artıq həm regionda , həm dünya siyasətində türk dövlətlərinin xüsusi çəkisi artmağa başlayır. İqtisadi resurs, əhali resursu – bunlar hamısı istər-istəməz dünyanın diqqətini cəlb edir. Ona görə də Turan söhbəti, ümumtürk əlifbası məsələsi aktuallaşır. Ümumiyyətlə, ortaq türk əlifbası deyəndə, yeni əlifba icad etməyə ehtiyac yoxdur. Necə ki, ortaq türk dili ilə bağlı çox fərqli yanaşmalar, mübahisələr mövcuddur və bunların da bir çoxunun elmi əsası yoxdur. Ayıq yanaşılsa,tutaq ki, Anadolu türkcəsini götürmək, onu ortaq ünsiyyət dili kimi qəbul etmək normaldır. Eləcə də əlifba ilə bağlı bu, belədir”.
Müsahibimiz qeyd edib ki, əlifbada spesifik olan səslər var:
“Bunlar “x”, “ə” və başqa səslərdir, bununla bağlı ümumi bir qərar qəbul olunmalıdır ki, dəyişiklik olsun, ya olmasın. Bütövlükdə prosesin özü çox müsbətdir, Komissiyanın işinin də Bakıda keçirilməsinin xüsusi rəmzi mənası var. Tarixən həmişə Azərbaycan həm siyasi, həm elmi məsələlərdə öndə olub. Ona görə də hesab edirəm ki, Azərbaycan tərəfinin mövqeyi çox keçərlidir, fikri önəmlidir”.
Günay Rəsulqızı