Yaxın zamanda Azərbaycanla Ermənistan arasında sülh gözlənilirmi? - AÇIQLAMA
“Ermənistan və Azərbaycanın ən qısa müddətdə sülh sazişi imzalamaq üçün real şansları var”. Bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Lüksemburq Böyük Hersoqluğunun baş nazirinin müavini, xarici işlər, əməkdaşlıq və xarici ticarət naziri Ksavye Bettellə birgə mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, Bakı və İrəvan sülh sazişinin 16 maddəsindən 13-nü tam, qalan 3-nü isə qismən razılaşdırıb. Ermənistan Azərbaycana onuncu təkliflər paketini təqdim edib. "Hesab edirik ki, qısa müddətdə sülh sazişi imzalamaq və Cənubi Qafqazda uzunmüddətli sabitlik səhifəsini açmaq üçün real imkan var", - o qeyd edib.
Yaxın zamanda Azərbaycanla Ermənistan arasında sülh gözlənilirmi?
Bununla bağlı Sfera.az-a açıqlama verən siyasi şərhçi Kənan Novruzov deyib ki, əslində ikitərəfli təmasların intensivləşməsi, o cümlədən bunun nəticəsində əldə olunan müəyyən uğurlar, razılaşmalar sülh sazişini yaxınlaşdırır:
“Bu gün sülhə mane olan əsas məsələ Ermənistan Konstitusiyasındakı Azərbaycan tərəfinə olan iddialarla bağlıdır. Rəsmi Bakının bununla bağlı konkret mövqeyi ondan ibarətdir ki, Ermənistan Konstitusiyanı dəyişmədikcə sülh sazişi imzalamayacaq. Bu da kifayət qədər məntiqlidir, biz gələcək nəsillər üçün problem saxlamaq istəmirik”.
Siyasi şərhçi qeyd edib ki, Ermənistan dildə sülhdən danışsa da, hərbi təxribatlar törətməkdə davam edir:
“Fikrimcə, Ermənistan hakimiyyəti başa düşür ki, həqiqətən də bu gün onlar üçün sülhün alternativi yoxdur. Sadəcə olaraq İrəvan bu gün üçüncü güclərin, o cümlədən ABŞ və Fransanın təsiri altındadır. Bu ölkələr Cənubi Qafqazdakı mövqelərini gücləndirmək məqsədilə Ermənistandan istifadə edir, onu silahlandırır, şirnikləndirirlər. Necə ki, Ukrayna ABŞ-nin təsirindən çıxa bilmir, çünki silahı, dəstəyi ondan alır, eləcə də Ermənistan indi asılı vəziyyətdədir. Bu baxımdan Ermənistan hətta səmimi olsa belə, lazımi siyasi iradəyə malik olmadığına görə, sözdə dediyini əməldə təsdiqləyə bilmir. Bu da onların özü üçün çətinlik yaradır. Azərbaycan artıq ərazi bütövlüyün təmin edib, sülh istəsək də, bizim üçün bu, o qədər də zəruri deyil. Amma İrəvan üçün vəziyyət tam əksidir. Bu gün Ermənistan faktiki olaraq Qərblə Rusiya arasında siyasi poliqona çevrilib. Vaxt onların əleyhinə işləyir və Ukraynanın taleyini yaşaması kifayət qədər realdır. Təəssüf ki, indiyə qədər müsbət proqnozlar verilsə də, sülh faktiki olaraq yaxın müddətə gözlənilmir”.
Günay Rəsulqızı