Məktəbli forma və ləvazimatlarını haradan almaq daha sərfəlidir? - QİYMƏTLƏR + REPORTAJ
Yeni tədris ilinin başlanmasına 1 həftədən də az müddət qalıb. Valideynlər övladlarının məktəb ehtiyaclarını qarşılamaq üçün artıq alış-verişə başlayıb. Məktəbli ləvazimatları və formalarını isə şəhərdəki mağazalardan, “Sədərək” ticarət mərkəzindən, marketlərdən və hətta onlayn belə əldə etmək mümkündür. Valideynləri maraqlandıran əsas nüans isə təbii ki, aldıqların məhsulların qiyməti və keyfiyyətidir.
Bəs məktəbli ləvazimatlarını və formalarını haradan almaq daha sərfəlidir?
Şəhərdəki qiymət fərqini müqayisə etmək üçün sadalanan obyektlərə yollandıq.Belə ki, öncə şəhərdəki bir çox şəxsin yaxşı tanıdığı məşhur məktəb ləvazimatı mağazalarında olduq. Demək olar ki, hər qiymətdə məhsul var idi:
Qələm: 0.15 - 6.90 azn
Pozan: 0.10 - 2.20 azn
Test topluları: 12-18 manat
Dəftərlər: 12 v – 0.30 azn, 24 v – 0.50 azn, 48 v – 0.70 azn, 60 v – 0.98 azn, 96 v -1.30 azn
Diqqətimizi ən çox çəkən çantalar idi. Belə ki, çanta qiymətləri 15 manatdan 180 manata qədər idi.Qiymət fərqinin isə məhsulun markasına görə dəyişdiyini bildirdilər.
Bundan başqa, birinci sinif üçün kitab (hər biri 10 manat) və iş dəftərlərinin (hər biri 2 manat) ortalama qiyməti 50 manatdır.
Daha sonra daxil olduğumuz bir marketdə məktəbli forması və məktəb ləvazimatları satıldığını gördük.
Orada isə qiymətlər aşağıdakı kimi idi:
Qələm: 0.10 - 2 azn
Dəftər: 0.99-1.59 azn
Məktəbli formaları: köynək – 9.99 azn, şalvar 17.99 azn
Şəhərdəki mağazaların bir neçəsini gəzdikdən sonra yolumuzu əksər insanın qiymətləri münasib hesab etdiyi “Sədərək” ticarət mərkəzindən saldıq.
Ətrafda məktəbli forması görmədik, amma məktəbli ləvazimatları mağazası kifayət qədər idi. Hər mağazanın önündə də valideynlər növbədə dayanmışdı. Görünür, valideynlərin əksəriyyəti “Sədərək”dən alış-veriş etməyə üstünlük verir.
Qiymətləri öyrənmək üçün bir neçə satıcıya yaxınlaşdıq, lakin danışmaqdan imtina etdilər. Sonunda mağaza sahiblərindən biri olan Bəhruz Əsgərov bizə məlumat verməyə razı oldu.
O bildirdi ki, qiymətlər ötən illərə nisbətən ucuzdur:
“Ümumiyyətlə, şəhərdəki mağazalarla "Sədərək" bazarındakı qiymətlərdə kəskin fərq var. Mənim satdığım 70 qəpiklik dəftəri onlar 1 manata satırlar. Ən çox təlabat isə dəftərlərədir. Ötən illərlə müqayisədə əsas qiymət fərqi dəftər və qələmlərdədir. Belə ki, dəftərlərin artıq öz istehsalımız olduğu üçün qiyməti olduqca düşüb, qələmlərdə isə gömrüklə əlaqəli olaraq 1-2 manat artım var”.
Ümumi olaraq qiymətlər aşağıdakı kimidir:
Dəftərlər: 12 v - 0.12 azn, 20 v - 0.40 azn (xətli), 0.45 azn (xətsiz), 60 v – 0.45 azn (xətli), 0.55 azn (xətsiz), 96 v – 0.85 azn, 100 v - 0.70 azn
Qələm: 0.05-0.50 azn
Kitab üzü: 0.25 azn
Çanta: 12-50 azn
Qələmqabı: 1.50-12 azn
Termos: 3.50-12 azn
Adının çəkilməsini istəməyən digər satıcının mağazasında isə qiymətlər belə idi:
Dəftərlər: 12 v -0.13 azn, 24 v – 0.30 azn, 48 v – 0.50 azn, 60 v – 0.40 azn, 96 v – 0.80 azn, 100 v – 0.60 azn
Qələm: 0.05-0.20 azn
Qələmqabı: 1-5 azn
Məktəbli kitabçası: 1-1.50 azn
“Sədərək” ticarət mərkəzində bir neçə valideynlə də söhbətləşdik, adlarının və fotolarının çəkilməsini istəməsələr də, qiymətlərdən razı olduqlarını dedilər.
Son olaraq, məktəbli formalarının əsas ünvanı olan Bakı Tikiş Evinə getdik.
Binaya daxil olan kimi bizi "Bakı Tikiş Evi” (BTE) ASC-nin satış şöbəsinin müdiri Etibar Əzimov qarşıladı. O, bizə BTE-nin satış ofisləri haqqında məlumat verdi:
“Satış ofislərimiz istirahətsiz və nahar fasiləsiz fəaliyyət göstərirlər. Məhsullarımız keyfiyyətlidir, “Uyğunluq” sertifikatına malik parçalarımız Belarus və Türkiyədən gətirilir. Bu materialların uşaq bədəninə heç bir mənfi təsiri ola bilməz”
E.Əzimov hər yerdə satılan, mənşəyi bəlli olmayan məktəbli formaları barədə valideynləri diqqətli olmağa çağırdı:
“Bilirsiniz ki, bu gün hər yerdə məktəbli forması satırlar. Lakin mənşəyi, hansı parçadan istehsal olunduğu ilə heç kim maraqlanmır. Valideynlər meyvə-tərəvəz mağazasından uşağına məktəbli forması alır. Bu, nə dərəcədə düzgündür? İnsanlar necə öz övladlarını belə təhlükəyə ata bilirlər? Keyfiyyətsiz məktəbli forması uşaqlarda müxtəlif dermotoloji xəstəliklər yarada bilər. Valideynlərə tövsiyə edərdim ki, təsadüfi yerlərdən məktəbli forması almasınlar. Nazirlər Kabinetinin qərarına əsasən, bütün polo köynəklər 100 faiz pambıq, şalvar və ətəklər isə 60 faiz yun, 40 faiz polyester olmalıdır. İnsanlar bu məsələdə uşaqlarına qarşı laqeyddir”.
Şöbə müdiri bildirdi ki, bu il məktəbli formalarının qiymətlərinin endirilməsində məqsəd valideynləri daha keyfiyyətli geyim almağa təşviq etməkdir:
“Mağazaların əksəriyyətində köynəklər 9-10 manatdır. Biz qiymətləri 12-yə endirdik ki, bəlkə bizim camaat fikirləşər ki, arada 2-3 manat fərq var, heç olmasa, keyfiyyətli məhsul alsınlar. Dünən bir valideyn deyir ki, hansısa mağazadan köynəyi 25 manata, şalvarı 35 manata alıb. Bizim formaları görəndən sonra 8-9 ədəd köynək, şalvar və ətək aldı sonra dedi ki, gedib, digərlərini qaytaracaq”.
E.Əzimov qeyd edib ki, BTE-dən alınan mallara 1 il zəmanət də verilir:
“Bildiyiniz kimi, ölkədə 100 manatdan aşağı alınan mallara zəmanət verilmir. Lakin biz mallarımızın keyfiyyətli olduğunu bildiyimiz üçün satış mərkəzlərimizdən alınan bütün məktəbli formalarına 1 il zəmanət veririk. Əgər paltar yuyulandan sonra rəngi dəyişsə, solsa, tiftiklənsə (fiziki olaraq deformasiyaya uğrama xaric) biz cavabdehik.
Alış məntəqəsində valideynlərin çoxluğu da diqqətimizi çəkdi. Uşaqların paltardəyişmə otağının önündə valideynlər növbəyə durmuşdular. Görünür, sırf məktəbli geyimləri üçün vətəndaşlar Bakı Tikiş Evinə müraciət edirlər.
Satıcı Sevinc Abbasovanın sözlərinə görə, gündəlik 100-dən çox satış olur və bu il qiymətlər daha da endiyi üçün valideynlər olduqca razıdır.
2024-cü il üçün məktəbli geyimlərinin qiymətləri aşağıdakı kimidir:
Polo qısaqol və uzunqol köynəklər (26-54 ölçü) – 12 azn
Şalvar (26-54 ölçü) – 20 azn
Ətək (26-54 ölçü) – 20 azn
Jaket (26-54 ölçü) – 30 azn
Qeyd edilib ki, standart, yəni 26-54 ölçüdən böyük 56, 58, 60 ölçülü şalvar və ətəklər artıq parça sərfiyyatı səbəbindən 25 azn, müvafiq olaraq köynəklər isə 17 azn qiymətləndirilib.
Burada söhbətimizi yekublaşdırıb bu formaların necə hazırlandığını görmək üçün istehsalat fabrikinə üz tutduq.
E.Əzimov bildirdi ki, tikiş prosesi əsasən qış vaxtı həyata keçirilir, formaların istehsalı artıq yekunlaşdığı üçün sadəcə bir sex fəaliyyətdədir. Ona görə də həmin 2 saylı sexə yollandıq. İçəri daxil olanda bizi sexin rəisi Şəhla Talışxanova qarşıladı və iş prosesi haqqında məlumat verdi.
Ş.Talışxanovanın sözləriə görə, ümumilikdə, binada 4-5 sex fəaliyyət göstərir:
“Hazırda bu sexdə 4 konver işləyir. Onların ikisində məktəbli forması, digərlərində isə zabitlər üçün geyimlər tikilir. Burada hardasa 80 nəfər işçi çalışır. Gün ərzində 700-800 iş çıxır. Təbii ki, gündəlik təlabata görə rəqəmlər dəyişir. Zabitlər üçün isə gündə 200 tam şəkildə kostyum çıxır. Məktəbli forması sezonla tikilsə də, hərbi geyimlər aralıqsız olaraq hər gün tikilir”.
Çalışlanlardan bəziləri - Tünzalə Həşimova, Yeganə Nəcəfova və Nigar Əliyeva ilə söhbətləşdik. Onlar bizə tikiş prosesindən danışdılar. Belə ki, formaların hər bir hissəsi ayrı-ayrı şəxslər tərəfindən hazırlanır. Yəni bir şalvarın hazırlanmasında hər kəsin əməyi olur - biri kəsir, biri tikir, biri ütüləyir. Uzun sözün qısası, hər bir geyimdə onlarla insanın zəhməti var.
Beləliklə, orada söhbəti yekunlaşdırıb fabrikdən ayrıldıq.
Valideynlərin məktəbli alış-verişi ilə bağlı müzakirələrini nəzərə alaraq demək olar ki, bütün seçimləri araşdırdıq və nəticəsini sizinlə bölüşdük.
Fotolar: Anar Bayramlı
Firuzə Əliyeva