Azərbaycanda sahibkarlığın inkişaf tarixi - ŞƏRH

Azərbaycanda sahibkarlığın inkişaf tarixi - ŞƏRH

Azərbaycanın dövlət müstəqilliyi bərpa edildikdən sonra sahibkarlıq fəaliyyəti böyük inkişaf yolu keçib.

 

Sfera.az xatırladır ki, ilk illər sahibkarlığın inkişafı üçün çətin dövr olub.

 

1996-cı ilə qədər iqtisadi böhranın olması, yüksək inflyasiyanın qeydə alınması sahibkarların fəaliyyətinə də ciddi problemlər yaradırdı. Dövlət həmin dövrdə vəziyyətdən çıxmaq üçün bir sıra radikal addımlar atdı. İstehsal və xidmət müəssisələrinin böyük hissəsinin dövlətin əlində olmasına baxmayaraq qiymətlərin liberallaşdırılmasına, yəni qiymətlərin bazarda müəyyənləşdirilməsinə imkan verdi. Qiymətlərin liberallaşdırılmasından sonra ölkə iqtisadiyyatında yaranmış vəziyyət islahatların özəyini təşkil edən özəlləşdirmə prosesini, bu əsasda sahibkarlığın inkişafı və rəqabət mühitinin formalaşmasını zəruri edirdi.

 

1993-cü ilə kimi həmin proseslərin ləngidilməsi tənəzzülün daha da sürətlənməsinə, iqtisadiyyatın dağılmasına ciddi təsir göstərdi, xeyli vəsait itkisinə səbəb oldu. Beləliklə, özəlləşdirmənin gecikdirilməsi, ölkədə tənəzzülün aradan qaldırılmasını və makro-iqtisadi sabitliyin təmin edilməsini daha da çətinləşdirmişdi.

 

Sahibkarlığın inkişafında daha aktiv dövr 1994-cü ildən sonra başladı. 1996-cı ilə qədər ölkədə durğunluq davam etdi və bu vəziyyətdə özəl sektorun inkişafı üçün ilkin addımlar atıldı. Əsas tədbirlər ölkə iqtisadiyyatında sabitliyin təmin edilməsi idi. Bu olmadan sahibkarlar sinifini inkişaf etdirmək mümkün deyildi. Həmin illərdə aparılan məqsədyönlü siyasət, həyata keçirilən sistemli tədbirlər nəticəsində ölkədə siyasi və makroiqtisadi sabitliyə nail olundu ki, bu da iqtisadi islahatların həyata keçirilməsi üçün möhkəm əsas formalaşdırdı. Bu dövrdə sahibkarlığın təşəkkülü və inkişafı istiqamətində müəyyən tədbirlər həyata keçirilsə də, əsaslı dönüşə 1996-cı ildən etibarən nail olundu.

 

Azərbaycanın iqtisadi islahatlar və inkişaf modelinin həyat qabiliyyətli və səmərəli olmasının ən yaxşı sübutu ölkəmizdə sosial-iqtisadi inkişaf sahəsində əldə olunan nailiyyətlərdir. Belə ki, bu model üzrə həyata keçirilən siyasət çox tez bir zamanda ölkə iqtisadiyyatında əsaslı keyfiyyət dəyişikliklərinin baş verməsinə səbəb oldu: inflyasiya cilovlandı, büdcə kəsiri ÜDM-nin 1-2%-i səviyyəsinə endirildi. Bu dəyişikliklər nəticəsində dərin iqtisadi böhran keçirən ölkədə makroiqtisadi sabitliyə nail olunmuş və dinamik iqtisadi inkişafı təmin etmək mümkün oldu.

 

Respublikanın potensialı nəzərə alınaraq uğurlu neft strategiyası işlənib hazırlandı və müvəffəqiyyətlə həyata keçirildi. Bu isə öz növbəsində neft sektorunun inkişafı ilə bağlı yardımçı sahələrin inkişafına təkan verdi və həmin sahələrdə yerli sahibkarların mövqeləri möhkəmləndi. Neft sektorunun inkişafından əldə edilən gəlirlər hesabına ölkəmizin dünya bazarında üstünlük əldə edə biləcəyi ənənəvi qeyri-neft sektoru sahələrinin inkişafı istiqamətində uğurlar əldə edildi. Ölkənin yerləşdiyi mühüm strateji mövqedən yararlanaraq uğurlu beynəlxalq iqtisadi layihələrin reallaşdırılmasına başlandı. İqtisadi və dövlət idarəetmə aparatında aparılan struktur islahatları ölkədə iqtisadiyyatın bütün sahələrinin, o cümlədən sahibkarlıq sektorunun inkişafına güclü təkan verdi. Belə ki, Azərbaycan Prezidentinin 30 aprel 2001-ci il tarixli Fərmanı ilə İqtisadi İnkişaf Nazirliyinin yaradılması sahibkarlığın inkişafına dövlət köməyi və onun dövlət tənzimlənməsi tədbirlərinin vahid qurumda birləşdirilməsinin və idarə edilməsinin əsasını qoymuş və sahibkarlığın inkişafını ümumi iqtisadi inkişafın tərkib hissəsinə çevirdi.

 

Bu illər ərzində sahibkarlığın inkişafına əlverişli şəraitin yaradılması məqsədilə Azərbaycanda sahibkarlığın hüquqi bazası dünya təcrübəsinə uyğun olaraq təkmilləşdirildi. Azərbaycan Respublikasının Konstitusiyasında bazar münasibətləri əsasında iqtisadiyyatın inkişafına şəraitin yaradılması, sahibkarlığa təminat verilməsi, rəqabət mexanizminin formalaşması və inkişafı, həmçinin rəqabətin qorunması ilə bağlı müddəalar öz əksini tapıb. Sahibkarlığın inkişafının zəruri hüquqi mühitinin formalaşdırılması istiqamətində qəbul edilən Azərbaycan Respublikasının qanunları və digər qanunvericilik aktları sahibkarlığın bir sistem halında hüquqi bazasını təşkil edir. Özəlləşdirmənin həyata keçirilməsinin zəruri hüquqi bazası formalaşdı. Bu baxımdan, prosesin hüquqi təminatında baza rolunu oynayan Azərbaycanda dövlət mülkiyyətinin özəlləşdirilməsinin dövlət proqramlarının qəbulu xüsusi əhəmiyyət kəsb edir.

 

Sahibkarlığın inkişafı sahəsində qəbul olunan dövlət proqramlarının bu sahənin inkişafında xüsusi rolu olub, kiçik və orta sahibkarlığın inkişafı üzrə dövlət tədbirlərini Azərbaycan dövlətinin iqtisadi siyasətinin prioritet istiqamətlərindən birinə çevirdi. Bu dövlət proqramları çərçivəsində iqtisadiyyatın və sahibkarlığın tənzimlənməsi sahəsində mühüm tədbirlər həyata keçirildi, sahibkarlara dövlət maliyyə köməyi sistemi formalaşdırılmışdır. Sahibkarlıq infrastrukturunun formalaşdırılması istiqamətində əhəmiyyətli addımlar atılıb, sahibkarlara zəruri texniki yardım (məsləhət, informasiya və s. xidmətlər) göstərən strukturlar formalaşıb. Sahibkarlar üçün vergi yükünün azaldılması istiqamətində dövlət səviyyəsində müəyyən addımlar atılıb. Mənfəət və əlavə dəyər vergisi dərəcələri, məcburi sığorta haqqı aşağı salınıb, kiçik sahibkarlıq subyektlərinin bir qisminə vahid vergi tətbiq edilməyə başlanılıb.

 

2002-ci il sahibkarlığın inkişafı sahəsində Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin yerli və xarici iş adamları ilə aprel - may aylarında keçirilən görüşləri ilə əlamətdar olub. Sahibkarlara dövlət qayğısının ən yüksək səviyyədə bir daha təsdiqi olan bu görüşlər və onların nəticəsi olaraq ölkədə sahibkarlıq mühitinin daha da yaxşılaşdırılması məqsədilə avqust-sentyabr aylarında imzalanmış bir sıra mühüm Fərman və Sərəncamlar ölkədə sahibkarlığın inkişafında yeni mərhələnin əsasını qoydu. Bu mərhələdə ölkə iqtisadiyyatının yenidən qurulması sahəsində qarşıda duran vəzifələrin yerinə yetirilməsi sahibkarlığın inkişafının sürətləndirilməsini, bu sektorun ölkənin sosial-iqtisadi problemlərinin həllində rolunun gücləndirilməsini, onun fəaliyyətinin ölkə iqtisadiyyatının inkişafı tələblərinə daha da uyğunlaşdırılmasını, bu istiqamətdə dövlət dəstəyi tədbirlərinin çərçivəsinin genişləndirilməsi və onların ünvanlılığının daha da artırılmasını, regionlarda sahibkarlığın inkişafı sahəsində mövcud potensialın reallaşdırılmasını tələb edir.

 

Qeyd edək ki, hazırda Azərbaycanda 1 milyon 550 min sahibkarlıq subyekti var. Onların 1,35 milyonu fərdi sahibkardır.

 

Vasif Cəfərov

 

Qeyd: Məqalə Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb

Mövzu: Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi

 

 


OXŞAR XƏBƏRLƏR