Sahibindən və polisdən qaçan camış şəhəri bir-birinə QATDI
ABŞ-nin Ayova ştatında əvvəl sahibindən, sonra isə polisdən qaçan su camışı bütün ölkədə məşhurlaşıb.
Sfera.az xəbər verir ki, Ayova ştatının "Pleasant Hill" şəhərinin sakinləri avqustun 24-də küçələrdə dolaşan Phill adlı Asiya camışını görüblər.
Bu barədə polisə məlumat verilib. Bundan sonra aydın olub ki, su camışı sahibi onu kəsmək istəyərkən canını qurtarmaq üçün qaçıb. Heyvan sahibi səlahiyyətlilərə verdiyi ifadədə camışın "aqressiv və təhlükəli" olduğunu iddia edib.
Bələdiyyə sözçüsü Candace Bell əvvəllər belə bir hadisə ilə rastlaşmadıqlarını və heyvanın yol qəzasına səbəb ola biləcəyindən narahat olduqlarını bildirib: "Həmin gün polis əməkdaşı heyvanı görüb və ona atəş açaraq tutmağa çalışıb. Mədəsindən yaralanan heyvan sürətlə ərazidən qaçıb".
"Pleasant Hill" Polis İdarəsinin açıqlamasında da heyvanın "aqressiv" olduğu bildirilib.
Camış yerli sakinlərin qapısında, həyətyanı sahədə və avtomobil dayanacaqlarında görünüb. Yerli camaat isə heyvanın davranışlarında heç bir aqressivlik görmədikləri üçün səlahiyyətli şəxslərdən onu öldürməmələrini tələb edib.
Bir neçə gün sonra artıq sakinlərin sevimlisinə çevrilmiş camış zoopark və heyvanların xilasetmə təşkilatı ilə birlikdə polis tərəfindən tutulub. Phill sakitləşdirilib və yarasının müalicəsi üçün Ayova Dövlət Universitetinin baytarlıq bölməsinə aparılıb.
İnci