Cavanşir Feyziyev: “Bu əlaqələr birlik və bərabərliyin daha da möhkəmlənməsinə xidmət edəcək”
Sentyabrın 5-də Azərbaycan Yazıçılar Birliyində Türkdilli yazarların, mədəniyyət və elm adamlarının görüşü keçirilib. Tədbiri giriş sözü ilə açan Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar bu cür görüşlərin qardaş xalqlarımız, ədəbiyyatlarımız və ortaq türkcəmiz üçün böyük əhəmiyyətindən söz açıb. Daha sonra çıxış edən Milli Məclisin deputatı, Mahmud Kaşğari adına Beynəlxalq Fondun Prezidenti Cavanşir Feyziyev qonaqları Bakıda salamlamaqdan məmnunluğunu bildirib.
Türk dövlətləri ilə elmi-ədəbi-mədəni əməkdaşlığın daim inkişaf etdirilməsi Azərbaycanın beynəlxalq siyasətinin prioritet istiqamətlərindən olduğunu vurğulayan Cavanşir Feyziyev xüsusi qeyd edib ki, Türkdilli xalqları birləşdirən ortaq mədəni irs və ortaq tarix dövlətlərimiz arasındakı münasibətlərdə daim öz müsbət təsirini göstərir. O bildirib ki, Azərbaycanın eyni kökə, ortaq milli-mənəvi dəyərlərə bağlı olduğu Qırğızıstanla, Qazaxıstanla, Özbəkistanla və digər türk dövlətləri ilə çox uğurlu mədəni-elmi-ədəbi əməkdaşlıq əlaqələri var və bu əlaqələr müstəqillik işığında özünün parlaq mərhələsinə qədəm qoyub, aparılan uğurlu dövlət siyasətinin nəticəsində qarşılıqlı əməkdaşlıq hər gün daha da genişlənib.
Rəhbəri olduğu Beynəlxalq Fondun təsis etdiyi "Mahmud Kaşğari mükafatı"na layiq görülən ziyalıları: Qırğızıstan Yazıçılar Birliyinin sədri Kanıbek İmanəliyev və görkəmli qırğız yazıçısı Begican Əhmədovu təltif edən millət vəkili Cavanşir Feyziyev bildirib ki, hər iki ziyalı Türk mədəniyyətinin inkişafı üçün önəmli xidmətlər göstəriblər.
Millət vəkili bildirib ki, bu gün böyük qürur hissi ilə "Mahmud Kaşğari mükafatı"nı təqdim etdiyimiz yazıçı-pedaqoq, tarixçi, ictimai xadim, o cümlədən təsəvvüf təriqətinin tədqiqatçısı, milli təhlükəsizlik və terrorizmlə mübarizə məsələləri üzrə ekspert, analitik, ehtiyatda olan polkovnik Begican Əhmədov türk tarixi və mədəniyyətini özündə ehtiva edən 10-dan çox kitabın və 300-dən artıq məqalənin müəllifi, Babur adına Dövlət Universitetinin fəxri professorudur. Müəllifin Azərbaycan türkcəsində oxuculara təqdim etdiyimiz "Dərviş" əsəri “İlin ən yaxşı kitabı” nominasiyasının qalibi olub.
Qırğızıstan Yazıçılar Birliyinin sədri Kanıbek İmanaliyev bu doğma və səmimi münasibətə, göstərdiyi diqqətə və layiq görüldükləri mükafata görə millət vəkili Cavanşir Feyziyevə minnətdarlığını bildirib və iki ölkə arasında dostluğu, qardaşlığı əks etdirən çıxışından sonra Qırğızların məşhur qalpaq papağını simvolik olaraq Cavanşir Feyziyevə ərməğan edib.
Tədbirdə iştirak edən Moldova İctimai Palatasının sədri, tanınmış ictimai xadim Aureliya Qriqoriu, Çingiz Aytmatov adına Beynəlxalq İssık-kul Forumunun vitse-prezidenti Anara Nasirova, Özbəkistan xalq yazıçısı, Qaraqalpaq Yazıçılar Birliyinin sədri Kenes Kərimov, Qazaxıstan Milli Elmlər Akademiyasının akademiki Jakıp Baurjan, yaradıcılığında Azərbaycana xüsusi yer ayıran, Qarabağ haqqında iki kitab müəllifi olan qazax yazıçısı Nasixa Gümərqızı, Moskva Dövlət Universitetinin fəxri professoru, Azərbaycanın Ukraynadakı keçmiş səfiri Arif Məmmədov çıxış edərək bu səmimi görüşün təşkil olunmasına görə xüsusi minnətdarlıqlarını ifadə etməklə yanaşı son illərdə Azərbaycanda aparılan quruculuq işlərinə, xüsusilə paytaxt Bakının gözəlliyinə heyran qaldıqlarını söyləyiblər. Sonda qonaqların xatirə fotosu çəkdirməsi ilə görüş başa çatıb.