Xalq artisti Yaşar Nurinin DOĞUM GÜNÜDÜR

“Yol əhvalatı”nın Makintoşu, “Bəyin oğurlanması”nın İsrafili Xalq artisti Yaşar Nuri 3 Sentyabr 1951-ci ildə Bakıda anadan olub. Onun atası MəmmədSadıq Nuriyev də aktyor idi.
Sfera.az xəbər verir ki, Yaşar Nuri səhnəyə ilk dəfə 11 yaşında “Toy kimindir” tamaşasında Tapdıq rolu ilə gəlib. Hələ məktəbli vaxtlarında Dövlət Televiziyasının “Yelkən verilişi”nin aparıcılarından olub.
1968-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun Dram və kino aktyorluğu fakültəsinə daxil olub. Burada Rza Təhmasib və Əli Heydər Ələkbərovdan aktyorluq sənətinin incəliklərini öyrənib. 1974-cü ildə isə Akademik Milli Dram Teatrının baş rejissoru Tofiq Kazımovun dəvətilə teatrın aktyor truppasına qəbul olunub.
1975-ci ildə Rəhimə xanımla ailə həyatı quran aktyorun Ülviyyə və Ülkər adlı iki qızı dünyaya gəlib.
Yaşar Nuri teatrla yanaşı, həm də uğurlu kino aktyoru idi. O, Azərbaycan Dövlət Televiziyasında hazrlanmış yüzdən çox tamaşada, bədii kompozisiyada və satirik səhnəciklərdə rol alıb. Bunlara “Ömrün yolları”, “Qatarda”, “Evləri köndələn yar”, “Bağışla” və “Ac hərifləri” misal göstərmək olar.
Əlliyə yaxın bədii filmə çəkilən böyük aktyorun “Yol əhvalatı”, “Bəyin oğurlanması”, “Yaramaz”, “Fransız”, “Hər şey yaxşılığa doğru” filmlərində canlandırdığı obrazlar isə sonsuzadək xalqımızın mirası olaraq qalacaq.
Görkəmli sənətkar 22 noyabr 2012-ci ildə uzunsürən xəstəlikdən sonra vəfat edib.
Ülkər Abdurahmanlı