BRİCS vahid valyuta üzərində işləyir - RƏSMİ AÇIQLAMA
BRİCS ekspertləri təşkilat üzvləri arasında ödənişlərin vahid valyuta ilə aparılması təşəbbüsü üzərində işləyir.
Sfera.az Rusiya mediasına istinadən xəbər verir ki, bununla bağlı məlumatı Rusiya Xarici İşlər Nazirliyinin İqtisadi Əməkdaşlıq Departamentinin direktoru Dmitri Biriçevski açıqlayıb. O qeyd edib ki, hazırda vahid BRİCS valyutasının və ya hesab vahidinin yaranma perspektivləri və vaxtı barədə danışmaq çətindir. Onun sözlərinə görə, ekspertlər hələ də bu təşəbbüs üzərində işləyirlər:
“Bundan əlavə, BRİCS hazırda sanksiyaların təzyiqinə davamlı müstəqil ödəniş və hesablaşma mexanizmlərinin yaradılmasını öyrənir. Bunun bir yolu mərkəzi bankın rəqəmsal valyutalarından istifadə etmək ola bilər”.
Xatırladaq ki, 2024-cü il iyulun əvvəlində Rusiyanın Çindəki səfiri İqor Morqulov BRİCS-in vahid valyutanın yaradılması ilə bağlı danışıqlara başladığını bildirib. Öz növbəsində, İran parlamentinin sədri Məhəmməd Bağer Qalibaf bildirib ki, BRICS ölkələri rəqəmsal valyutalardan istifadə etməklə beynəlxalq ödənişlər üçün lazım olan vahid bank sisteminin yaradılması prosesini sürətləndirməlidir.
Vasif