"Harrisin qadın və qaradərili olması onun şanslarını artırır" - AÇIQLAMA

Demokratlar partiyasından prezidentliyə namizəd Kamala Harris seçici dəstəyinə görə hələ də respublikaçı rəqibi Donald Trampı bir qədər qabaqlayır. “The Economist” jurnalı və “YouGov” ictimai rəyi araşdırma institutunun keçirdiyi sorğunun nəticələrinə əsasən, bir həftə ərzində fərq 1 faiz azalaraq 2 faiz bəndi təşkil edib. Sorğu iştirakçılarının 47 faizi prezident seçkilərində Harrisi dəstəkləməyə hazırdır, respondentlərin 45 faizi Trampa üstünlük verir. Digər 8 faiz isə öz seçimini etmədiyini və ya səs verməyi planlaşdırmadığını bildirib. Bundan əvvəl keçirilən sorğuda isə Harris Trampı 3 faiz qabaqlayırdı.
ABŞ-dəki seçki prosesi ilə bağlı Sfera.az-a açıqlama verən siyasi şərhçi Kənan Novruzov deyib ki, Baydenin namizədliyini geri götürməsi Trampın işini xeyli çətinləşdirib. Onun sözlərinə görə, hazırkı prezidentin seçki kampaniyasından çəkilməsi əslində düşünülmüş addım idi:
“Çox güman, prezident öz şanslarının az olduğunu başa düşüb, Demokratların qalib gəlməsi üçün K.Harrisə “pas ötürüb”. Seçkilərdə kimin qalib gələcəyini indidən dəqiq demək çətindir. Hər iki halda siyasətçi yerli ictimaiyyətə yaxşı tanışdır. Üstəgəl, onların xarici siyasət kursları da beynəlxalq ictimaiyyət üçün sirli deyil. Məlumdur ki, Tramp seçkilərdə qalib gələrsə, ABŞ Rusiya, İran və Çinə qarşı daha loyal davranacaq. Harris isə, yəqin ki, təxminən Baydenin siyasətini davam etdirəcək, amma bu, onların özlərinin deyil, Respublikaçıların və Demokratların xarici siyasət kursu kimi qiymətləndirilməlidir”.
K.Novruzov qeyd edib ki, Harrisin qadın və qaradərili olması onun şanslarını artırır:
“Harris qalib gələrsə, ABŞ-nin ilk qadın siyasətçisi olacaq. Bununla belə, bir fakt da var ki, 1993-cü ildə Respublikaçı Corc Buş hakimiyyətdən gedəndən sonra ölkə iqtidarında Demokratlar və Respublikaçılar bir-birini əvəz edirlər. Bu isə ölkənin həm daxili, həm də xarici siyasəti üçün müəyyən ahəngdarlıq yaradır. Bütün hallarda qarşıdakı aylarda ABŞ-də seçki kampaniyası gərgin şəraitdə davam edəcək. Tərəflər qalib gəlmələri üçün bütün imkanlardan istifadə edə bilərlər. Böyük ehtimalla nəticələr arasındakı fərq cüzi olacaq”.
Günay