İstanbulda hər 500 nəfərə bir taksi düşəcək - Hökumətdən YENİ TƏKLİF

İstanbulda hər 500 nəfərə bir taksi düşəcək - Hökumətdən YENİ TƏKLİF

İstanbulda taksi sayı 73 faiz artırılacaq və hər 500 nəfərə bir taksi düşəcək.

 

Sfera.az xəbər verir ki, bununla bağlı məlumatı “Bloomberg” yüksək vəzifəli hökumət rəsmisinə istinadən xəbər verib. “Bloomberg”in məlumatına əsasən, hökumət bunun üçün yeni qanun təklifi ilə çıxış edəcək. Təkliflə İstanbul üçün xüsusi tənzimləmənin aparılması və hər 500 nəfərə ən azı bir taksinin xidmət göstərməsi nəzərdə tutulur.

 

İstanbul Böyükşəhər Bələdiyyəsinin məlumatlarına görə, hazırda 16 milyon əhalisi olan şəhərdə 861 nəfərə bir taksi düşür. Son məlumata əsasən, bu iri şəhərdə 18,4 min taksi fəaliyyət göstərir. Böyükşəhər Bələdiyyəsinin məlumatlarına görə, taksi əhali sayı nisbəti Mexikoda 272 nəfər, Parisdə 378 nəfər və Londonda 413 nəfərdir.

 

Yeni tənzimləmə ilə İstanbulda taksi sayı 31 min 815 ədədə çatdırılacaq.

 

Qeyd edək ki, taksi sayının az olması müştərilərdə narazılıq yaradırdı. Şəhər əhalisinin sayının çox olması ilə bərabər meqapolisə gələn turistlərin sayı da çoxdur. Bu vəziyyət İstanbulda taksiyə olan tələbi artırıb.

 

Müqayisə üçün bildirək ki, Bakıda son tənzimləmələrə qədər hər 42 nəfərə bir taksi düşürdü. Həmin dövrdə paytaxtda 65 min avtomobil taksi xidməti göstərirdi. Yeni tənzimləmələrə əsasən Bakıda taksi sayı 20 min ədədə qədər azaldılacaq. Azalmadan sonra paytaxtda hər 135 nəfərə bir taksi düşəcək ki, bu nisbət də İstanbul və adıçəkilən digər iri şəhərlərdən yaxşıdır.

 

Vasif

 

 


OXŞAR XƏBƏRLƏR