Keçmiş arvadı Durovu MƏHKƏMƏYƏ VERDİ: "Azyaşlı oğlunu 5 dəfə döyüb..."
“Telegram”ın qurucusu Pavel Durovun keçmiş həyat yoldaşı İrina Bolqar İsveçrədə ona qarşı iddia qaldırıb.
Sfera.az bildirir ki, bu barədə “Forbes” məlumat yayıb. Bolqarın iddiasına əsasən, Pavel uşaqlardan birinə fiziki zorakılıq edib.
“Özünü Pavel Durovun üç övladının anası kimi təqdim edən İrina Bolqar İsveçrədə ona qarşı cinayət işi qaldırıb. 2023-cü ilin martında Cenevrədə açılan cinayət işində Bolqar Durovun uşaqlarından birinə fiziki təzyiq göstərdiyini bildirir. O, uşaqlarının qəyyumluğunu tələb edir" - Forbes yazıb.
Sözügedən xanım qeyd edib ki, Pavel Durov 2017-ci ilin sentyabrında dünyaya gələn oğluna 5 dəfə fiziki zorakılıq edib, uşaq bir sıra xəsarətlər alıb və beyni silkələnib. Bolqar sübut kimi iş adamı ilə şəxsi yazışmalarını, həmçinin oğlunun səhhəti barədə tibbi arayışı təqdim edib. Məlumata görə, bu da uşağın narahatlıq və yuxu pozğunluğundan əziyyət çəkdiyini təsdiqləyir.
İrina Bolqar milyarderin 2022-ci ilin sentyabrından uşaqları ilə ünsiyyətini və bundan sonra da aliment (ayda 150 min avro) ödəməyi dayandırdığını bildirib. Cenevrə məhkəməsi əvvəlcə son fiziki zorakılıq hadisəsindən üç aydan çox vaxt keçdiyi üçün iddiaya baxmaqdan imtina edib, ancaq 2023-cü ilin mayında Bolqar apellyasiya şikayəti verib və oktyabrda məhkəmə işə baxmağa davam edib.
Qeyd edilib ki, nə Durovun özü, nə də vəkili prosesdə iştirak edib. Milyarderin nümayəndəsi isə şərh verməkdən imtina edib. Bolqarın vəkili “Forbes”ə onun və üç övladının mülki məhkəmədə iştirak etdiyini təsdiqləyib, lakin cinayət işi ilə bağlı açıqlama verməyib.
Günay