Bəşər Əsədin Türkiyə ilə dialoqdan imtinasına səbəb nədir? - ŞƏRH

Bəşər Əsədin Türkiyə ilə dialoqdan imtinasına səbəb nədir? - ŞƏRH

Suriyadakı Bəşər Əsəd hakimiyyəti Türkiyə ilə dialoqdan imtina edib. Bu barədə Türkiyə KİV-i məlumat yayıb. Bildirilib ki, Əsəd dialoq üçün şərtlər irəli sürüb.  O, Türkiyənin Suriya torpaqlarından çıxmasının zəruriliyini ifadə edib. 

 

Maraqlıdır, Bəşər Əsəd Türkiyə ilə dialoqdan niyə çəkinir?

 

Bununla bağlı Sfera.az-a açıqlama verən siyasi şərhçi Kənan Novruzov deyib ki, Türkiyə son vaxtlar Bəşər Əsəd hakimiyyəti ilə münasibətlərin normallaşdırılmasına çalışır. Onun sözlərinə görə, bu məsələdə Rusiya da xüsusi rol oynayır:

 

“Çünki münasibətlərin normallaşması həm Ankaranın, həm də Moskvanın maraqlarına uyğundur. Bu, perspektivdə ABŞ-nin Suriyadakı təsir imkanlarının azaldılması və hər iki dövlətə qarşı mümkün təhdidlərin azaldılması deməkdir.  Suriyadakı Bəşər Əsəd rejimi ilə Türkiyə arasındakı münasibətlərin normallaşması həm də Türkiyəyə qarşı Suriyadakı terrorçuların təhdidinin zəifləməsi deməkdir. Uzun illərdir ki, ABŞ Suriyanın şimalındakı PKK, YPG kimi terror təşkilatları vasitəsilə Türkiyəyə təzyiq edir. İndiki məqamda rəsmi Ankaranın Bəşər Əsəd rejimi ilə münasibətləri normallaşdırması həm də terrora qarşı mübarizədə Türkiyənin əlini gücləndirə bilər. Mümkündür ki, Türkiyənin öz maraqlarını təmin etməsini istəməyən bəzi qüvvələr hazırda “dirijorluq” rolunu oynayırlar. İstisna deyil ki, məhz “görünməz əllər” Bəşər Əsəd rejimi ilə Türkiyə arasında münasibətlərin normallaşmasına mane olmaq istəyir”.

 

Müsahibimiz xatırladıb ki, son zamanlar ABŞ Suriyadakı terrorçulara dəstəyi artırıb:

 

“Oradakı terrorçulara hərbi texnika, o cümlədən silah-sursat göndərilir.  Düşünmək olar ki, son zamanlar Suriyadakı terrorçuların silahlandırılması da məhz destruktiv xarakter daşıyır və birbaşa olaraq Türkiyənin maraqlarını təhdid edir. İş orasındadır ki, bu proses Ankara ilə Dəməşq arasında münasibətlərin normallaşması istiqamətində addımların atılması dövrünə təsadüf edir. Görünən odur ki, ABŞ Türkiyə ilə Əsəd rejimi arasında münasibətlərin normallaşmasını istəmir və mümkün qədər bu prosesə mane olmağa çalışır. Əlbəttə, Ankara mümkün qədər Vaşinqtonun bu oyununu pozmağa çalışacaq. Bunun üçün isə terrorçulara qarşı mübarizə yeni mərhələyə qədəm qoymaqla yanaşı, həm də Əsəd rejimi ilə diplomatik münasibətlərin bərpası istiqamətində səyləri gücləndirə bilər”.

 

Günay 


OXŞAR XƏBƏRLƏR