Heydər Əsədovun bayram yarmarkalarında xalqa ucuz şou
Cəmiyyət
13:48 / 20.12.2016
964
Kənd Təsərrüfatı Nazirliyinin (KTN) bayram yarmarkalarında saxtakarlıq ifşa olub. Nazirliyin şəhərin müxtəlif ərazilərində təşkil etdiyi yarmarkalarda qiymətlər bazarlardan, supermarketlərdən fərqlənmir...
Bu barədə Politika.Az-a bir qrup paytaxt sakini məlumat verib. Onların sözlərinə görə, KTN rəhbərliyi əhalini aldadır və imitasiya etməklə məşğuldur.
Kosmetik görüntü yaradan nazirlik guya ki, bayramqabağı ucuz yarmarkalar təşkil edir. Alıcılar isə sevincək yarmarkaya getdikdə başqa vəziyyətin şahidi olurlar.
Onlara gah çəkidə kələk gəlirlər, gah bazarlardan fərqlənməyən qiymətlər təklif olunur, gah da məhsulun keyfiyyəti aşağı olur. Nazir Heydər Əsədov neçə ildir ki, belə ucuz şouya getməklə yarmarka oyunları təşkil edir.
Bununla da ümumi hesabat verilir ki, insanların sosial vəziyyəti nəzərə alınaraq yarmarkalar təşkil edilib. Yarmarkaya gedən müştərilər isə təsdiqləyər ki, kənd təsərrüfatı məhsulları heç də ucuz deyil, ucuz olan yarmarka şousudur.
Elə ona görə də əksəriyyət yarmarkalara getməyə üstünlük vermir. Bu qədər yol qət etməkdənsə yaxınlıqdakı bazardan və ya marketdən alırlar.
Ölkədə bayram bahalaşması da paralel olaraq getməkdədir. Bazarlarda qiymətlər kəllə-çarxa qalxıb. Əhali bayram bazarlığına hazırlaşsa da, qiymətlər od tutub yanır.
Əhalinin vəziyyətini nəzərə almayan KTN rəhbəri Heydər Əsədovun bayram tədarükü çoxdan hazırdır. Ona görə də naziri insanların ailələrinə bayram səbəti ilə necə gedəcəyi maraqlandırmır.
Qonşu ölkələrdə, əsasən də Türkiyədə bayram ərəfəsində bazarlarda ucuzlaşma olur, yarmarkalar təşkil olunur. KTN-nin isə könlündən belə bir fikir keçmir. H.Əsədov kommunal xərclərin bahalaşmasını nəzərə almayıb.
Çünki ərzaq məhsulları dəhşətli dərəcədə bahalaşır. Aztəminatlı ailələr, köçkünlər, minlərlə ailə bayramda evinə, uşağına bayram bazarlığı etməlidir, hədiyyə almalıdır.