"Qərb izi, Putinin səfəri, COP29..." - Ermənistan təxribatları niyə intensivləşdirib?

Avqustun 18-i saat 23:50 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Zərkənd yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun Dəmirçidam yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub. Müdafiə Nazirliyindən bildirilib ki, bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb.Başqa bir məlumata görə, isə avqustun 19-da saat 09:50 radələrində Ermənistan silahlı qüvvələrinə məxsus kvadrokopter Gorus rayonunun Brun yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun üzbəüz mövqeləri üzərində kəşfiyyat uçuşları həyata keçirməyə cəhd göstərib. Azərbaycan Silahlı Qüvvələrinin bölmələrinin sayıqlığı nəticəsində aşkar olunan pilotsuz uçuş aparatının fəaliyyətinə xüsusi texniki vasitələrlə müdaxilə edilib və ərazidən uzaqlaşdırılıb.
Ümumiyyətlə, son zamanlar Ermənistan hərbi təxribatlarını intensivləşdirib. Bundan əvvəl də bir neçə dəfə Naxçıvan istiqamətində Azərbaycan mövqeləri atəşə tutulub.
Bununla bağlı Sfera.az-a açıqlama verən siyasi şərhçi Kənan Novruzov deyib ki, Kəlbəcər istiqamətində mövqelərimizin atəşə tutulmasının Putinin Azərbaycana dövlət səfəri günündə baş verməsini təsadüf hesab etmək olmaz.
Siyasi şərhçinin sözlərinə görə, ola bilsin ki, bu, Ermənistan hakimiyyətinin və ya onun arxasında duran güclərin Rusiya liderinin Bakıya səfərinə etiraz əlaməti idi:
“Putinlə İlham Əliyevin görüşü zamanı xüsusilə Cənubi Qafqazdakı vəziyyət, o cümlədən Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması prosesi də müzakirə olunub. İndi regional sülh heç vaxt olmadığı qədər yaxındır. Həm Qərb, həm də Rusiya bölgədə təsir imkanlarını gücləndirməyə, ən yaxşı halda qorumağa çalışır. Hər iki tərəf başa düşür ki, bunu xaosla etmək mümkün deyilsə, deməli, mümkün sülh prosesində iştirakçı olmaq lazımdır. Rusiya Ukraynadakı müharibə ilə əlaqədar olaraq indi çətin vəziyyətdədir. Ona görə də, əlavə problemlər istəmir. Putinin səfərindən əvvəl Rusiya Təhlükəsizlik Şurasının katibinin müavini Sergey Şoyqu Bakıya gəlmişdi. Həmin səfər zamanı da əsas müzakirə mövzularından biri məhz normallaşma əlaqələri idi. Düşünmək olar ki, S. Şoyqunun səfəri məhz V.Putinin səfərinə hazırlıq idi. Görünən odur ki, Rusiya regionda sülh istəyir. Bu isə Ermənistanın arxasında dayanan, ona “zəhər verən” ABŞ və Fransanı narahat edir, çünki həmin oyunçular məhz bölgənin “ən zəif bəndi olan” İrəvan vasitəsilə regionda qarşıdurma yaratmaq və beləliklə, özlərinin Cənubi Qafqazdakı maraqlarını təmin etmək istəyirlər”.
K.Novruzov bildirib ki, Rusiyanın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində müəyyən nəticələrin əldə olunması mümkündür və bunu Qərb dövlətləri də başa düşür:
“Odur ki, proses irəlilədikcə, Qərb Ermənistan vasitəsilə süni əngəllər və hərbi- siyasi təxribatlara zəmin yaradır. Sabotaj cəhdlərinin yaxın gələcəkdə davam etməsi və intensivləşməsi gözləniləndir. Nəzərə almaq lazımdır ki, noyabrda Bakıda keçiriləcək COP29-da Ermənistan Baş naziri Nikol Paşinyanın da iştirakı gözləniləndir. Bu, münasibətlərin normallaşması istiqamətində ciddi addım olacaq. Paşinyan Bakıya gələrsə, İlham Əliyevlə görüşə və ciddi razılıqlar əldə oluna bilər. Qərb bundan narahatdır. Ona görə də noyabra qədər regionda “suları bulandırmaq” istəyəcək. Bu aspektdən dediyimiz kimi, hərbi – siyasi provokasiyaların intensivləşməsi, beləliklə, mümkün konstruktiv mühitin qarşısının alınmasına çalışılması gözləniləndir”.
Günay Rəsulqızı