"Münasibətləri yerində yoxlamaq, Azərbaycana olan ehtiyac..." -Putini Bakıya gətirən ƏSAS SƏBƏB

"Münasibətləri yerində yoxlamaq, Azərbaycana olan ehtiyac..." -Putini Bakıya gətirən ƏSAS SƏBƏB

Xəbər verdiyimiz kimi, Rusiya Federasiyasının Prezidenti Vladimir Putin avqustun 18-də Azərbaycan Respublikasına dövlət səfərinə gəlib.

 

Rusiya liderinin səfərinin pərdəarxasında nələr dayanır?

 

Bununla bağlı Sfera.az-a açıqlama verən siyasi şərhçi Asif Nərimanlı deyib ki, Ukrayna müharibəsi başladıqdan sonra xarici səfər trafikini məhdudlaşdıran Putinin məhz Bakıya üz tutmasını Cənubi Qafqazda mövqe savaşı şərtləndirir. 

 

Onun sözlərinə görə, Rusiya liderinin Cənubi Qafqazda yaranan risklər və bölgə ilə bağlı planlarında Azərbaycana ehtiyacı var:

 

“Çünki regionun iki ölkəsi – Ermənistan və Gürcüstan üzərindəki mübarizədə müəyyən qədər “əl dəyişikliyi” olsa belə, Bakının güc balansını dəyişmək, yaxud tarazlamaq rolu daha böyükdür. Putin də Bakının güc balansını saxlaması istəyi ilə münasibətləri yerində yoxlayacaq. Problemlərin regional müstəvidə həll edilməsi; Regiondankənar oyunçuların bölgədəki fəaliyyətinin qəbul edilməzliyi;  3+3 formatının inkişaf etdirilməsi; Azərbaycan-Ermənistan sülh danışıqlarının ikitərəfli formatda aparılması, zərurət yaranarsa, region ölkələrindən platforma kimi istifadə edilməsi... Səfər çərçivəsində bu istiqamətlərin müzakirəsinə ağırlıq verilə və bu kontekstdə mesajlar verilə bilər”.

 

Siyasi şərhçi xatırladıb ki, həmçinin Cənub-Şərqi Asiya bazarına çıxışı təmin edəcək “Şimal-Cənub” nəqliyyat layihəsinin önündə müəyyən əngəllər var:

 

“Putinin ötən ay Kremldə Modi ilə görüşü, ardınca Şoyqunun Tehrana və Bakıya gəlişi “Şimal-Cənub” nəqliyyat layihəsinin yaxın perspektivdə işə düşməsi istəklərindən xəbər verir. Layihənin İran hissəsi tamamlanmayıb, hərçənd hazırda texniki işlərdən daha çox, təhlükəsizlik problemi aktualdır: İran-İsrail qarşıdurması və bunun Cənubi Qafqaza təsiri, Qərbin bölgəyə müdaxiləsi fonunda yarana biləcək təhdidlər, güc balansının Rusiyanın əleyhinə dəyişəcəyi halda gözlənilən risklər... Putin bu məsələləri yerində - Bakıda müzakirə etmək və yarana biləcək riskləri aradan qaldırmaq istəyir. Şoyqunun Tehrana, ardınca Bakıya gəlişi də Putinin səfərindən öncə bu məsələləri müzakirə etmək və gündəliyi razılaşdırmaq məqsədi daşıyırdı”.

 

Politoloq Elxan Şahinoğlu isə bildirib ki, Moskva ilə Kiyev arasında danışıqlara başlamaq üçün Bakının məkan kimi seçilə biləcəyi istiqamətində fikirlər də səsləndirilir:

 

“Putin Ukraynanın Rusiya ərazisinə hücumundan sonra Kiyevlə sülh danışıqlarını istisna etsə də, Kreml sahibi vəziyyətin onun və ölkəsinin zərərinə istiqamətləndiyini anlamamış deyil. Onun real vasitəçiyə və ya danışıqlar üçün tərəfsiz məkana ehtiyacı var. Belarus bu rola yaramır. Kiyev qəbul etməyəcək. Türkiyənin vasitəçiliyinə Kreml ehtiyatla yanaşır, çünki Moskva Türkiyə və Ukraynanın hərbi sahədə əməkdaşlığından narazıdır. Bir ara Çin vasitəçiliyini təklif etmişdi, ancaq Pekinin balansı Rusiyanın xeyrinə pozması Kiyevi və onu dəstəkləyən Qərbin maraqlarına ziddir. Yerdə qalır Qətər və Azərbaycan”.

 

Günay 


OXŞAR XƏBƏRLƏR