Kanalizasiya quyusuna düşərək boğulan azyaşlı həyata qaytarıldı
Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin Təcili tibbi yardım bölməsinə ehtiyatsızlıq nəticəsində kanalizasiya quyusuna düşərək xəsarət alan 4 yaşlı uşaq (qadın cinsli) gətirilib.
Sfera.az xəbər verir ki, bunu Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin İctimaiyyətlə əlaqələr üzrə mütəxəssisi Nəzrin Adıgözəlzadə bildirib.
“Təcili tibbi yardım heyəti tərəfindən huşsuz, tənəffüsü olmayan və ürək vurğularının sayı dəqiqədə 35 olan, rəngi göyərmiş vəziyyətdə azyaşlıya ürək-ağciyər reanimasiyası tədbirləri aparılıb.Göstərilən yardım nəticəsində pasiyentin tənəffüs yollarının keçiriciliyi, spontan tənəffüs və ürək fəaliyyəti bərpa edilib, oksigenoterapiya aparılıb, huşu özünə qaytarılıb, vəziyyəti yaxşılaşıb”.
Nəzrin Adıgözəlzadə qeyd edib ki, pasiyent növbəti müayinə və müalicə məqsədilə ərazi üzrə müvafiq xəstəxananın Reanimasiya şöbəsinə hospitalizasiya edilib:
“Vətəndaşın ailə üzvləri tərəfindən təcili tibbi yardım heyətinə - həkim Güllü Piriyevaya, anestezioloq Əli Hüseynova, sürücü Əzizəddin Cəfərova göstərdikləri tibbi xidmətə görə təşəkkür olunub”
Ülkər Abdurahmanlı