"Növbəti hərbi toqquşma olarsa, bunun məsuliyyətini həm də Fransa daşıyacaq" - ŞƏRH

“Fransanın Ermənistanı silahlandırması regionda yeni müharibəyə hazırlıqdan xəbər verir.İrəvan dərk etməlidir ki, Fransa heç də dost dövlət deyil və Ermənistanı gücləndirmək məqsədi güdmür. Parisin yeganə məqsədi hər vəchlə Cənubi Qafqazda gərginliyi saxlamaqdır. Ona görə də Ermənistanın zəifləməsi də onu manipulyasiya etməyin asan olması baxımından Fransa üçün sərfəlidir”.
Bu fikir Türkiyənin “HaberDeğer” nəşrində dərc olunan materialda qeyd olunub.
Məsələ ilə bağlı Sfera.az-a açıqlama verən siyasi şərhçi Kənan Novruzov iki məqama diqqət çəkib:
“Birincisi, Fransanın Cənubi Qafqazda kataklizm yaratmaq iddiasında olduğunu təkcə Bakı yox, həm də Ankara deyir. Yəni bu, danılmaz gerçəklikdir. Bakı kimisə boşuna ittiham etmir. İkincisi, son vaxtlar Azərbaycan-Türkiyə münasibətlərində müəyyən problemlərin olması istiqamətində müxtəlif iddialar səsləndirilir. Əslində bu, müəyyən mənada istisna edilmir. Lakin bir daha görünür ki, hər iki ölkənin xarici siyasət kursu eynidir”.
Müsahibimiz qeyd edib ki, Fransanın Cənubi Qafqazla bağlı mövqeyi məlumdur:
“Bu ölkə eynilə ABŞ kimi regionun ən zəif bəndi olan Ermənistandan istifadə edir, onu şirnikləndirərək öz tərəfinə çəkir. Daha sonra isə İrəvan vasitəsilə regionla bağlı destruktiv planlarını icra edir ki, yekun sülh müqaviləsi imzalanmasın. Çünki sülh razılaşması Fransa kimi istənilən üçüncü qüvvənin regiona müdaxiləsinin qarşısının alınması deməkdir. Rəsmi Paris də bundan narahatdır. Bu baxımdan növbəti hərbi toqquşma olarsa, bunun məsuliyyətini təkcə Ermənistan deyil, həm də ona “zəhər verənlər”, yəni silahlandıranlar, o cümlədən Fransa daşımış olacaq”.
Günay Rəsulqızı