Ümumdünya Solaxaylar Günüdür

Hər il avqustun 13-ü Ümumdünya Solaxaylar Günü kimi qeyd olunur.
Sfera.az bildirir ki, bu günlə bağlı ilk tədbir 1992-ci ildə britaniyalı solaxaylar klubunun təşəbbüsü ilə qeyd olunub. Klubun əsas narahatlığı ölkənin bir çox məktəblərində solaxay uşaqların əvvəlki kimi sağ əllə yazmağa məcbur edilməsi ilə bağlı olub. Bu şagirdlərdə psixoloji stress yaradır və onların davamiyyətini aşağı salırdı.
Qeyd edək ki, mütəxəssislər indiyədək solaxaylığın yaranma səbəbləri ilə bağlı ümumi fikrə gələ bilməyiblər. Ən geniş yayılmış mülahizə beynin sağ və sol yarımkürələri arasındakı funksiyanın bölüşdürülməsi ilə bağlıdır. 1921-ci ildə psixologiya ilə bağlı nəşrlərin birində solaxaylar kəmağıllar kimi göstərilirdi. XX əsrin sonunda isə tamam başqa nəzəriyyə ortaya çıxdı. Belə ki, bir sıra dahi şəxsiyyətlərin, rəssamların, ixtiraçıların, aktyorların solaxay olduğu nəzərə alınaraq, bu təzahür dahiliyin əlaməti kimi qiymətləndirilməyə başlandı.
Mütəxəssislərin fikrincə, solaxayların adətən geniş fantaziyaları, hissiyyatları, musiqi duyumları və yaxşı yaddaşları olur. Bundan başqa, onlar istənilən məkanda asanlıqla istiqamətlənir, orijinallığı və obrazlı düşüncələri ilə fərqlənirlər. Buna səbəb solaxaylarda adı çəkilən keyfiyyətlərə cavab verən beynin sağ yarımkürəsinin inkişafıdır. Sağ vərdişlilərdə inkişaf etmiş sol yarımkürə isə riyazi bacarıqlar, məntiqi düşüncə və oxuma-yazma texnikasına görə cavabdehdir.
Zaman keçdikcə bir sıra tanınmışların da solaxay olduğu məlum olub. Həmin siyahıda aktrisa Merilin Monro, aktyor Kianu Rivz, ABŞ-nin keçmiş Prezidenti Barak Obama, britaniyalı fizik İsaak Nyuton, aktyor Morqan Friman, almaniyalı fizik Albert Eynşteyn, aktyor Bred Pitt, rəssam Leonardo da Vinçi, futbolçu Pele, aktyor Tom Kruz, aktrisa Ancelina Coli, “Microsoft” şirkətinin yaradıcısı Bill Geyts və.s kimi adlar yer alır.
Türkan