Zelenski Kursk əməliyyatı barədə: "Dayanmayacağıq, Rusiyaya qarşı yeni..."

Zelenski Ukrayna ordusunun ötən həftə Rusiyaya qarşı başlatdığı quru əməliyyatı ilə bağlı səssizliyini pozub.
Sfera.az bildirir ki, Ukrayna lideri hədəfləri açıqlayıb.
Ötən həftənin onlar üçün məhsuldar olduğunu bildirən Zelenski fikirlərini bu cür ifadə edib: “Ordumuz ötən həftə böyük uğur qazandı. Tağımdan tutmuş briqadaya qədər bütün qəhrəman əsgərlərimizi təbrik edirəm. Rusiyanın ölkəmizə qarşı apardığı dağıdıcı, amansız müharibə cəzasız qalmır. Bizim məqsədimiz müharibəni işğalçı ölkənin ərazisinə keçirməkdir”.
Zelenski deyib ki, müharibə bir çox cəbhədə min kilometri keçən xətdə davam edir: “Ukrayna sübut edir ki, ədaləti bərpa edə və təcavüzkara lazımi təzyiq göstərə bilər. Mən bütün tərəfdaşlarımıza təşəkkür etmək istəyirəm. Sanksiyalar həqiqətən də təsirlidir və bunu aradan qaldırmağa çalışan hər kəs dünyanın reaksiyası ilə üzləşir. Rusiyaya qarşı yeni məhdudlaşdırıcı tədbirlər hazırlayırıq”.
Qeyd edək ki, Ukraynanın quru əməliyyatı keçirdiyi Kursk vilayətində münaqişələr intensivləşir. Rusiya tərəfi haubitsa artilleriyasından, tank bölmələrindən, hava desant döyüş təyyarələrindən və helikopterlərdən istifadə edir. Ukrayna ordusu Korenovo şəhəri yaxınlığında bir həftə ərzində üçüncü dəfə Rusiyaya məxsus KA-52 döyüş helikopterini vurduqlarını, Rusiya isə sərhədi keçən Ukrayna zirehli texnikasının aşkar edilərək məhv edildiyini iddia edib. 76 min dinc sakinin təxliyə edildiyi bölgədəki qarşıdurmalarda tərəflər indiyədək itki ilə bağlı məlumat paylaşmayıb. Lakin müstəqil hərbi müşahidəçilər hər iki tərəfin ümumilikdə 350 əsgər itirdiyini təxmin edir.
Digər tərəfdən Ukraynanın cənubunda rusların nəzarətində olan Zaporojye atom elektrik stansiyasının soyuducu qülləsində ötən gecə yanğın baş verib. Rusiya yanğının Ukrayna atəşi nəticəsində baş verdiyini bildirib, Ukrayna lideri Volodimir Zelenski isə rusların soyuducu qüllədə avtomobil təkərlərini yandırdığını iddia edib.
Günay