Bakıda əhalisi sürətlə artan rayonlar - SİYAHI

Bakıda əhalisi sürətlə artan rayonlar - SİYAHI

Keçirilən son üç siyahıyaalmanın nəticələrinə əsasən, müstəqillik dövründə paytaxtda əhalinin sayının artmasında 4 rayonun rolu olduqca yüksək olub.


Sfera.az xəbər verir ki, 1989-cu illə müqayisədə 2019-cu ildə, yəni 30 il ərzində paytaxtın bəzi rayonlarında əhali sayı 50 faizdən çox artıb. 


Əhali sayı daha çox artan rayonlar Sabunçu, Binəqədi, Xəzər və Suraxanı rayonlarıdır. 


1989-cu illə müqayisədə Sabunçu rayonunun əhalisinin sayı 153,5 min nəfər və ya 80 faiz artaraq 345,4 min nəfərə çatıb. Otuz il əvvəl Bakının dördüncü böyük rayonu olan Sabunçu hazırda əhali sayına görə paytaxtın ən böyük rayonudur. 


Ötən 30 il müddətində Binəqədi rayonunun da əhalisi xeyli artıb. Bu rayonda 1989-cu ildə 180 min insan qeydiyyatda olduğu halda hazırda 304 mindən çox insan daimi qeydiyyatdadır. Qeyd edilən müddətdə adıçəkilən rayonun əhalisinin sayı 124 min nəfər, yəni 69 faiz artıb. İndi Binəqədi əhali sayına görə, Bakının ikinci böyük rayonudur. 


Xəzər rayonu da paytaxtın böyüyən inzibati ərazilərindəndir. Burada 30 il ərzində əhalinin sayı 112 min nəfərdən 203 min nəfərə qədər artıb. Qısa müddətdə rayon əhalisinin sayı 91 min nəfər, yaxud 81,3 faiz artıb. 


Suraxanı rayonunun əhalisi isə müqayisə olunan dövrdə 78 min nəfər artıb. Otuz il əvvəl 127 min əhalisi olan Suraxanının indi 205 min əhalisi var. 

 

Müstəqillik dövründə əhalisinin sayı azalan rayon da olub.1989-cu ildə Bakının ən böyük rayonlarından olan Yasamal rayonunun əhalisinin sayı azalıb. Otuz il ərzində Yasamal rayonunun əhalisinin sayı 219 min nəfərdən 192 min nəfərə qədər geriləyib. 


Nəsimi rayonunun əhali sayı sabit qalıb (217 min nəfər), Nərimanov rayonunda isə cəmi 7 min nəfər artıb. 


Kənar rayonlarda əhalinin sayının sürətlə artmasının əsas səbəbi burada məskunlaşma xərclərinin aşağı olması ilə bağldır. Torpaqların ucuz olması Bakının kənar hissələrində çoxlu sayda fərdi və çoxmərtəbəli binaların inşasına səbəb oldu ki, bu da həmin rayonlarda əhali sayının kəskin artmasına imkan verdi.  


Vasif


OXŞAR XƏBƏRLƏR