Bakıda yol kənarlarında fəaliyyət göstərən avtomobil təmiri sexləri yollarda sıxlığa səbəb olur. Təmirə gətirilən avtomobillər və ya təmir prosesi zamanı yol kənarında saxlanılan avtomobillər digər avtomobillərin hərəkətini çətinləşdirir, yollarda süni sıxlığa səbəb olurlar.
Nəqliyyat eksperti Elməddin Muradlı Sfera.az-a açıqlamasında bildirib ki, bu məsələ uzun müddətdir ciddi problem olaraq qalır:
“Uzunmüddət ərzində müəyyən addımlar atılır. Profilaktik tədbirlər görülür, xəbərdarlıqlar edilir və lazım gəldikdə cərimələr tətbiq olunur. Yadımdadır ki, bir müddət öncə Binəqədi rayonunda yol kənarında saxlanılmış 6 avtomobilin sahibi tapılmadığı üçün avtomobillər evakuatorla cərimə meydançasına aparıldı. Yolun təmiz saxlanması vacibdir, sakinlər də bu məsələdən narazıdırlar”.
Ekspert qeyd edib ki, təmir sexlərinin bir çoxu icarəyə götürülmüş obyektlərdə fəaliyyət göstərir:
“Ustaların günahı yoxdur, çünki əksər hallarda icarədarlar sex üçün yer təmin edir. Lakin onlar təmir üçün əlavə parkinq yerləri yaratmalıdır. Bəzi sexlər cəmi 2 avtomobil üçün yerə malik olsa da, eyni vaxtda 10 maşını qəbul edirlər. Xüsusilə rəngsazlar, dəmirçilər, motor və ötürücü qutu ustaları işləri uzun çəkdiyindən avtomobillər yol kənarında qalır. Bu da müəyyən problemlər yaradır”.
Mütəxəssis əlavə edib ki, şəhərin mərkəzi rayonlarında bu problem daha az görünür:
“Mərkəzi ərazilərdə obyektlərə nəzarət daha yüksəkdir. Lakin digər rayonlarda yol kənarları sexlər tərəfindən zəbt olunur. Maşın sahibi özünü haqlı hesab edir, amma qanun baxımından məsuliyyət obyekt sahibindədir. Əgər sex tikilirsə, mütləq parkinq sahəsi də olmalıdır, yoxsa bu, yarımçıq iş hesab olunur”.
Ekspert vurğulayıb ki, polis mütəmadi olaraq ərazidə yoxlamalar aparmalı, sürücülər və obyekt sahibləri inzibati məsuliyyətə cəlb olunmalıdır:
"Bəzən profilaktik söhbətlər problemi həll etmir. Avtomobil sahibi deyir ki, maşın xarabdır və yol kənarında qalmalıdır. Burada əsas günah obyekt sahibindədir. Əgər sex fəaliyyət göstərirsə, parkinq də təmin edilməlidir".
Bəsti Rəfizadə
Sfera.az