İran qırmızı intiqam bayrağını qaldırdı
Xəbər verdiyimiz kimi bu gün “HƏMAS” lideri İsmayıl Haniyə Tehranda öldürülüb.
Sfera.az bildirir ki, buna cavab olaraq İran İsrailə ağır cəza veriləcəyini açıqlayıb. Bir neçə dəqiqə sonra müqəddəs Qum şəhərinin əsas məscidində simvolik qırmızı qisas bayraq qaldırılıb. Qeyd edək ki, İran tarixində altıncı dəfə bayraq qaldırılıb. İran həmçinin BMT-də İsrailə qarşı xüsusi əməliyyat keçirəcəyini bildirib.
Bayraq sonuncu dəfə bu ilin aprelində İranın İsrailə misli görünməmiş raket və dron hücumu ərəfəsində qaldırılmışdı. İran İslam Respublikasının Birləşmiş Millətlər Təşkilatındakı Daimi Nümayəndəliyinin X səhifəsində də İsrailə qarşı xüsusi əməliyyat keçirəcəyi bildirildiyi bəyənat yer alıb.
Bundan əvvəl İran lideri Ayətullah Seyid Əli Xamenei “HƏMAS”ın siyasi liderinin ölümünə cavab olaraq İsrailə “ağır cəza” veriləcəyini vəd etmişdi.
“Cinayətkar və terrorçu sionist rejim bizim əziz qonağımızı evimizdə qətlə yetirdi və bizi matəmə qərq elədi”- deyə Ayətullah Xamenei verdiyi açıqlamada bildirib.
Onun sözlərinə görə, İran prezident Məsud Pezeşkianın andiçmə mərasimi üçün İran paytaxtına gələn Haniyyənin qətlinə görə qisas alınmalıdır.
Haniyənin vəfatı ilə əlaqədar ölkə ərazisində üç günlük matəm elan edilib.
Qum şəhərindəki məsciddə qırmızı qisas bayrağı qaldırılıb
Dəfn mərasimi cümə axşamı İranda olacaq, bundan sonra Haniyənin cənazəsi təyyarə ilə yaşadığı Qətərin paytaxtı Dohaya aparılacaq və cümə günü orada dəfn olunacaq.
Adətən Qətərdə yaşayan Haniyə “HƏMAS”ın beynəlxalq diplomatiyasının siması olub. O, Fələstin anklavında atəşkəsə nail olmaq üçün beynəlxalq vasitəçilik zamanı dolayı danışıqlarda iştirak edib.
“HƏMAS”ın silahlı qanadı açıqlamasında bildirib ki, Haniyənin öldürülməsi döyüşü yeni səviyyəyə qaldıracaq və ciddi nəticələrə gətirib çıxaracaq. İntiqam alacağına söz verən İran ABŞ-ın İsrailə verdiyi dəstəyə görə məsuliyyət daşıdığını bildirib.
İsraildən heç bir şərh və ya məsuliyyət iddiası olmayıb. İsrail ordusu vəziyyəti qiymətləndirdiyini, lakin mülki şəxslər üçün yeni təhlükəsizlik təlimatı vermədiyini bildirib.
Baş nazir Benyamin Netanyahunun bu gün təhlükəsizlik rəsmiləri ilə məsləhətləşmələr üçün görüşəcəyi gözlənilir.
ABŞ dövlət katibi Antoni Blinken Sinqapurda keçirilən tədbirdə Haniyənin öldürülməsi məsələsindən yan keçərək, Qəzzada atəşkəsin daha geniş regional gərginliyin qarşısını almaq üçün açar olduğunu deyib.
O, ABŞ-ın gözlənilən əməliyyatdan xəbərsiz olduğu və bu əməliyyatda iştirak etmədiyini bildirib.
Haniyənin öldürülməsi İsrailin Hizbullah komandiri Fuad Şukrı öldürdüyünü bildirməsindən 24 saatdan az bir müddət sonra baş verib.
İsrailin müdafiə naziri Yoav Qalant deyib ki, İsrail müharibəni qızışdırmağa çalışmır, lakin bütün ssenarilərə hazırdır.
Qəzzadakı döyüşlərə son qoymaq üçün Misirlə danışıqlarda vasitəçilik edən Qətər Haniyyənin ölümünü münaqişənin təhlükəli gərginləşməsi kimi pisləyib.
Misir İsrailin gərginliyi azaltmaq üçün siyasi iradəsinin olmadığını göstərdiyini bildirib. Çin, Rusiya, Türkiyə və İraq da bunu pisləyib.
İsmayıl Haniyə
2017-ci ildə “HƏMAS”ın yüksək vəzifəsinə təyin edilən Haniyə Qəzzaya səfərdən yayınaraq, Həmas müttəfiqi İranla danışıqlarda iştirak edərək, Türkiyə və Qətərin paytaxtı Doha arasında hərəkət edib. Onun üç oğlu apreldə İsrailin hava hücumu nəticəsində həlak olub.
Yanvarda onun müavini Saleh əl-Aruri İsrail tərəfindən öldürülüb.
Xatırladaq ki, müharibə oktyabrın 7-də “HƏMAS”ın rəhbərlik etdiyi yaraqlıların İsrail yaşayış məntəqələrinə dağıdıcı hücumlar həyata keçirməsi, İsrailin hesablamalarına görə, 1200 nəfərin ölümü və 250-yə yaxın girovu Qəzzaya aparılması ilə başlayıb.
İsrail buna cavab olaraq sahil anklavında qurudan və havadan əməliyyat keçirib.
Baş verən terror aktından sonra 120 nəfər “HƏMAS” əsirliyində qalıb.
Xanım
Sfera.az